"Pişiyimin ruhu incəyər deyə, bunu etmirəm"

21 Aprel 2026 16:05

Əməkdar artist Elza Seyidcahan ev heyvanı saxlamaması ilə bağlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, bir müddət əvvəl "Ceyla" adlı pişiyi ölüb və bu itkidən sonra yenidən ev heyvanı saxlamağa tərəddüd edir. Onun sözlərinə görə, həmin pişik çox qısqanc olub və evə başqa heyvanın gəlməsinə imkan vermirmiş.

Seyidcahan qeyd edib ki, yeni bir heyvan saxlasa, sanki əvvəlki pişiyinin ruhunu incitmiş olacağını düşünür. Bu səbəbdən evində artıq heyvan saxlamadığını deyən ifaçı, buna baxmayaraq heyvanlara olan sevgisinin dəyişmədiyini vurğulayıb.

O əlavə edib ki, ailə üzvləri ilə birlikdə küçə heyvanlarına daim qayğı göstərirlər, onları yemləyirlər. Sənətçi həmçinin ev heyvanı saxlamağın böyük məsuliyyət tələb etdiyini də dilə gətirib: onların dilsiz olduğunu, ehtiyaclarını ifadə edə bilmədiklərini və sahiblərinin hər zaman diqqətli olmalı olduqlarını bildirib.

İfaçının bu fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və müxtəlif müzakirələrə səbəb olub.

Musa
Milli.Az