Son illər Azərbaycan Respublikasında istehlakçılar tərəfindən energetik içkilərin daha çox istifadə olunması müşahidə olunmaqdadır. Bu halın xüsusilə uşaqlar arasında geniş yayılması onların sağlamlıq hüququnun təmini baxımından ciddi narahatlıq yaradır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində ictimai yerlərdə, eləcə də təhsil müəssisələrinin ətrafında aparılmış monitorinqlər nəticəsində energetik içkilərdən yetkinlik yaşına çatmayan şəxslərin istifadəsinin sistemli xarakter aldığı, bu içkilərin satışı prosesində yaş məhdudiyyətinə nəzarətin kifayət qədər olmadığı, xüsusilə vendinq aparatları, avtomatlaşdırılmış satış terminalları və pərakəndə satış obyektlərində yaşa nəzarət mexanizmlərinin faktiki olaraq tətbiq olunmadığı müşahidə olunub.
Bu məhsulların satılmasında qanunvericiliklə müəyyən edilmiş yaş məhdudiyyətlərinə baxmayaraq,uşaqlar tərəfindən faktiki olaraq asanlıqla əldə edilməsi, ictimai yerlərdə və təhsil müəssisələrinin ətrafında açıq şəkildə istifadə olunması uşaqların sağlamlığının qorunması hüququna öz mənfi təsirini göstərməkdədir.
Bu kimi halların davam etməsi uşaqların konstitusion hüquqlarının, xüsusilə sağlamlıq hüququnun təmin olunmasında, onların sağlam inkişafında maneələr yaratmaqdadır.
Aparılan monitorinqlər nəticəsində müəyyən olunmuş mövcud vəziyyət və beynəlxalq təcrübənin təhlili onu deməyə əsas verir ki, Azərbaycan Respublikasında energetik içkilərin uşaqlar tərəfindən istifadəsinin qarşısının alınması üçün qüvvədə olan qanunvericiliyin və bununla bağlı mövcud nəzarət mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac vardır.
Qeyd edilənləri nəzərə alaraq, energetik içkilərin yetkinlik yaşına çatmayan şəxslərə satılmasına görə nəzərdə tutulmuş inzibati cərimələrin məbləğinin artırılması, vendinq aparatlarında energetik içkilərinin satışına yaş identifikasiyası mexanizmlərinin tətbiqi və ya bu məhsulların həmin aparatlarda satışının məhdudlaşdırılması, həmin içkilərin reklamına dair məhdudiyyətlərin gücləndirilməsi və sağlamlıq risklərinə dair xəbərdarlıqların məcburi norma kimi təsbit edilməsi, bu sahədə məlumatlılığın artırılması və digər zəruri tədbirlərin görülməsi təklif edilir.
Milli.Az