Almaniya iqtisadiyyatı çətin vəziyyətdə: Avtomobil istehsalı dövrü BİTİR

21 Aprel 2026 10:45

Almaniyada sənaye sahəsində ciddi dəyişikliklərin baş verdiyi bildirilir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ölkə ixrac modelində yaşanan çətinliklər fonunda avtomobil sektorundan müdafiə sənayesinə keçidi sürətləndirir.

Məlumata əsasən, bu proses Rusiya-Ukrayna müharibəsi ilə bağlı artan gərginlikdən sonra daha da aktuallaşıb. Alman şirkətləri hərbi sifarişlərə yönəlməklə həm iqtisadi tənəzzülü kompensasiya etməyə, həm də yeni gəlir mənbələri yaratmağa çalışırlar.

Bildirilir ki, "Folksvaqen" İsraillə "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemi üçün komponentlərin istehsalı ilə bağlı danışıqlar aparır. Digər tərəfdən, Schaeffler şirkəti artıq pilotsuz uçuş aparatları və hərbi aviasiya üçün mühərrik və ehtiyat hissələrinin istehsalına başlayıb.

Analitiklərin fikrincə, Almaniya iqtisadiyyatı İkinci Dünya Müharibəsindən bəri ən uzunmüddətli durğunluq dövrünü yaşayır. Bu vəziyyət əsasən qlobal bazarlarda tələbin azalması və Çin ilə rəqabətin güclənməsi ilə izah olunur.

Eyni zamanda, iri avtomobil istehsalçılarının maliyyə göstəricilərində də ciddi azalma müşahidə edilir. Belə ki, "Mersedes-Benz"in mənfəəti 2025-ci ildə kəskin şəkildə azalıb, "Folksvaqen" də geriləmə ilə üzləşib. "Porşe" isə əməliyyat mənfəətində çox böyük eniş qeydə alıb. Bu mənzərə Almaniya sənayesində yeni istiqamət axtarışlarının gücləndiyini göstərir.

Hüseyn
Milli.Az