Çelikdən Hüseynin paylaşımına sərt CAVAB

21 Aprel 2026 09:35

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Çelikin Bakıda keçirilən konserti qalmaqalsız ötüşməyib.

Milli.Az xəbər verir ki, gecə ərzində səhnədə baş verən bəzi məqamlar və tamaşaçılarla yaşanan gərgin anlar qısa müddətdə sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib.

Sənətçi konsert zamanı bir sıra pərəstişkarlarına qarşı kobud münasibət göstərib. Onunla şəkil çəkdirmək istəyən izləyicilərə sərt reaksiya verməsi, bəzi hallarda isə fiziki təmasın qeydə alındığı görüntülərin yayılması ictimai narazılığa səbəb olub. Sözügedən videolar sosial mediada sürətlə yayılaraq minlərlə istifadəçi tərəfindən müzakirə edilib.

Hadisə yerli şou-biznes nümayəndələrinin də diqqətindən yayınmayıb. Klarnet ifaçısı Hüseyn Məmmədoğlu məsələ ilə bağlı sosial şəbəkə hesabında sərt fikirlər səsləndirib. O, paylaşımında tamaşaçıları tənqid edərək belə hallara şərait yaratdıqlarını vurğulayıb və Çeliyi insanlara hörmətlə yanaşmağa çağırıb.

Səsləndirilən ittihamlara türkiyəli müğənni də cavabsız qalmayıb. Çelik azərbaycanlı ifaçının fikirlərinə sərt reaksiya verərək, onun ünvanına ittihamlar səsləndirib. Sənətçi bildirib ki, haqqında səsləndirilən fikirlər əsassızdır və onun uzun illərə dayanan karyerası ilə müqayisə edilə bilməz. Bununla yanaşı, o, Azərbaycan və Bakı ilə bağlı müsbət fikirlərini də dilə gətirib.

Qalmaqallı hadisə hələ də sosial mediada müzakirə olunmağa davam edir.

Musa
Milli.Az