Məğlub oldu deyə rəqibinə şillə vurdu

21 Aprel 2026 01:06

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatında türkiyəli Rza Kayaalp yarımfinal matçından qalib ayrılaraq adını finala yazdırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yunan-Roma üsulunda 130 kq. çəki dərəcəsində mübarizə aparan əfsanəvi güləşçi yarımfinalda belaruslu Pavel Hlinçuk ilə qarşılaşıb.

Matçı 4:0 hesabı ilə üstün tamamlayan Rıza Kayaalp rəqibinin qeyri-etik və idman qaydalarına zidd hərəkəti ilə üzləşib. Belə ki, görüşün gedişində məğlubiyyəti həzm edə bilməyən Hlinçuk qəfildən Kayaalpa şillə atıb.

Hakimlər isə bunu idmançıya yaraşmayan hərəkət kimi dəyərləndirərək belaruslu güləşçini diskvalifikasiya ediblər. Nəticədə türkiyəli güləşçi finala yüksəlib. Rıza Kayaalp bu gün keçiriləcək final matçında macar rəqibi Darius Attila Vitek ilə qarşılaşacaq.

Qeyd edək ki, indiyə qədər 12 dəfə Avropa çempionu olan 36 yaşlı idmançı 13-cü dəfə bunu bacarsa, əfsanəvi Aleksandr Karelini geridə qoyaraq rekordun yeganə sahibi olacaq.

Milli.Az