ABŞ Prezidenti Donald Trump İranla bağlı sərt açıqlama verib. O, "Truth Social" platformasında paylaşdığı mesajda bildirib ki, əgər razılaşma əldə olunmasa, ABŞ İranın infrastrukturuna ağır zərbələr endirə bilər.
Milli.Az xəbər verir ki, Trampın sözlərinə görə, Tehran iki həftəlik atəşkəs razılaşmasını pozub və Hörmüz boğazında atəş açılması bu razılaşmanın tam şəkildə pozulması deməkdir. O iddia edib ki, hücumların bir qismi Fransa bayrağı altında üzən gəmi və Böyük Britaniyaya məxsus yük gəmisinə yönəlib.
ABŞ lideri əlavə edib ki, artıq nümayəndə heyəti İslamabada yola düşüb. O, həmçinin İranın Hörmüz boğazını bağlamaq qərarını məntiqsiz adlandıraraq bildirib ki, bu addım daha çox Tehranın özünə zərər vurur. Trampın fikrincə, İran bu səbəbdən gündəlik yüz milyonlarla dollar itirir, halbuki ABŞ bu vəziyyətdən iqtisadi baxımdan zərər görmür.
O qeyd edib ki, bir çox gəmi artıq ABŞ-ın Texas, Luiziana və Alyaska ştatlarına yönəlir. Sonda Tramp vurğulayıb ki, Vaşinqtonun təklif etdiyi razılaşma "ədalətli və məntiqli"dir və qəbul olunmasa, ABŞ əvvəlki prezidentlərin atmadığı addımları ata bilər.
Asya
Milli.Az