Sumqayıtda dəm qazından zəhərlənən sonuncu uşaq da evə buraxıldı

20 Aprel 2026 11:38

Sumqayıtda dəm qazından zəhərlənən azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilərək aprelin 18-də ambulator müalicə üçün evə buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, aprelin 4-də Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F. Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.

"2018-ci il təvəllüdlü qadın cinsli pasiyentə meninqoensefalit diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib", - məlumatda deyilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən yaşayış evində bir ailənin 6 azyaşlı övladı dəm qazından zəhərlənib. Aprelin 1-i Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına 6 nəfər (4 kişi, 2 qadın cinsli) hospitalizasiya olunub. Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.04.2026-cı il tarixində saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Milli.Az