Türkiyədə məktəblərdə baş verən faciəli hadisələr televiziya kanallarının yayım planlarına təsir edib. Şanlıurfa və Kahramanmaraşda məktəblərdə baş verən hücumların ardından ölkədə matəm ab-havası yaranıb və bir sıra proqramlarda dəyişikliklər edilib.
Milli.Az xəbər verir ki, bu çərçivədə TRT 1 kanalı bazar axşamlarının reytinqli layihələrindən olan "Təşkilat" serialının yeni bölümünü efirə verməmək qərarı alıb. 19 aprel tarixində yayımlanmalı olan epizod yayım cədvəlindən çıxarılaraq onun yerinə "Çinin Böyük Səddi" filmi nümayiş etdirilib.
Hadisələrin cəmiyyətdə yaratdığı rezonans səbəbindən televiziya kanalları əyləncə məzmununu müvəqqəti olaraq azaldaraq daha çox tematik və məlumat xarakterli proqramlara üstünlük verib.
Serialın istehsalçı komandası tərəfindən yeni bölümün nə vaxt yayımlanacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Bununla belə, yaxın günlərdə ekranlara qayıdacağı gözlənilir.
Qeyd edək ki, TRT 1 eyni səbəbdən "Gönül Dağı" və "Taşacak Bu Deniz" seriallarını da bu həftəlik yayım proqramından çıxarıb.
Milli.Az