Bu ölkədə məktəblərdə rus dilində danışmaq qadağan edilir

20 Aprel 2026 15:01

Latviyada məktəblərdə rus dilindən istifadə ilə bağlı məhdudiyyətlər tətbiq olunub.

Milli.Az xəbər verir ki, bu barədə "RİA Novosti"yə açıqlamasında Riqa Şəhər Şurasının deputatı Aleksey Roslikov danışıb.

O bildirib ki, qəbul edilən qaydalara əsasən, şagirdlər məktəb ərazisində, hətta dərs vaxtı olmayan zamanlarda belə dövlət dilindən başqa dillərdə danışmamalıdırlar.

Roslikovun sözlərinə görə, ölkədə bəzi siyasətçilər rus dilini yalnız şəxsi ünsiyyət çərçivəsində, ictimai məkanlardan kənarda istifadə olunmalı dil kimi qiymətləndirirlər. Deputat hesab edir ki, bu yanaşma faktiki olaraq rus dilinin istifadəsini məhdudlaşdırmağa yönəlib.

O, əlavə edib ki, oxşar qaydaların uşaq bağçalarına da şamil olunması nəzərdə tutulur.

Milli.Az