Bakıdakı Azərbaycan Dövlət Akademik Filarmoniyası möhtəşəm musiqi gecəsinə ev sahibliyi edib.
Milli.Az xəbər verir ki, "Candlelight Baku" layihəsi çərçivəsində keçirilən konsertdə dünya şöhrətli bəstəkarların film musiqiləri səsləndirilib.
Gecədə Hans Zimmer, Ludovico Einaudi və Yann Tiersen kimi məşhur bəstəkarların əsərləri təqdim olunub. Zalda səslənən hər bir melodiya dinləyicilərə unudulmaz anlar yaşadıb, musiqisevərlərin zövqünü oxşayıb.
Konsertin ifaçısı olan "Candlelight Ensemble" canlı performansları ilə gecəyə xüsusi rəng qatıb. Təxminən 60 dəqiqə davam edən musiqi axşamı yüksək peşəkarlıqla təqdim olunub və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Xüsusilə, yüzlərlə şam işığının yaratdığı atmosfer fonunda səsləndirilən canlı ifalar tədbirə fərqli ovqat bəxş edib. İşıq və musiqinin harmoniyası gecəni daha da yaddaqalan edib.
"Candlelight Baku" çərçivəsində keçirilən bu konsert paytaxtın mədəni həyatına rəng qatan tədbirlərdən biri kimi qiymətləndirilib.
Tural
Milli.Az