Bədii gimnastika üzrə keçirilən Dünya kubokuna yekun vuruldu - FOTO

19 Aprel 2026 20:44

Milli Gimnastika Arenası 17-19 aprel tarixlərində yenidən möhtəşəm idman bayramına ev sahibliyi etdi. Bədii gimnastika üzrə keçirilən Dünya kubokunda 42 ölkədən 150-dən çox gimnast iştirak edərək tamaşaçılara unudulmaz anlar yaşatdı.

Milli.Az xəbər verir ki, üç gün davam edən yarışın ilk iki günü təsnifat mərhələsinə, sonuncu günü isə həyəcanlı finallara həsr olundu. Təsnifat mərhələsində fərdi gimnastlar halqa, top, gürzlər və lent alətləri ilə çıxış edərək bacarıqlarını nümayiş etdirdilər. Çoxnövçülük üzrə nəticələrə əsasən, Ukraynanı təmsil edən Taisiia Onofriichuk birinci yerə layiq görüldü. İkinci yeri Almaniya gimnastı Darja Varfolomeev, üçüncü yeri isə Bolqarıstan təmsilçisi Stiliana Nikolova tutdu.

Qrup hərəkətləri proqramında gimnastlar 3 halqa və 2 cüt gürz ilə çıxış edərək yüksək peşəkarlıq sərgilədilər. Çoxnövçülük üzrə qalib İsrail komandası oldu. İspaniya ikinci, AIN 2 komandası isə üçüncü pillədə qərarlaşdı.

Final mərhələsində isə mübarizə daha da gərgin keçdi. Halqa proqramında qızıl medalı Taisiia Onofriichuk qazandı, Stiliana Nikolova ikinci, Sofiia İlteriakova isə üçüncü oldu. Top proqramında Darja Varfolomeev birinci, Sofia Raffaeli ikinci, Stiliana Nikolova isə üçüncü yeri tutdu. Gürzlər üzrə çıxışlarda Darja Varfolomeev qalib gəldi, Sofiia İlteriakova və Taisiia Onofriichuk ikinci və üçüncü yerləri bölüşdülər. Lent proqramında da Darja Varfolomeev birinciliyini qorudu, Sofia Raffaeli ikinci, Akmaral Yerekesheva isə üçüncü oldu.

Qrup hərəkətlərində 5 top proqramında İsrail komandası birinci, Braziliya ikinci, Özbəkistan isə üçüncü oldu. 3 halqa və 2 cüt gürz proqramında isə İspaniya qızıl medal qazandı, AIN 2 ikinci, Bolqarıstan isə üçüncü yeri tutdu.

Ənənəyə uyğun olaraq, təsnifat mərhələsində ən yüksək nəticə göstərən gimnast və komanda "AGF Trophy" kuboku ilə təltif olundu. Bu mükafata fərdi proqramda Darja Varfolomeev, qrup hərəkətlərində isə AIN 2 komandası layiq görüldü.

Yarış günləri ərzində gimnastların möhtəşəm çıxışları ilə yanaşı, tamaşaçıların coşqusu, alqışları və dəstəyi də arenada xüsusi ab-hava yaratdı. Tamaşaçılar üçün təşkil olunan əyləncəli müsabiqələr isə tədbirə əlavə rəng qataraq onlara müxtəlif hədiyyələr qazanmaq imkanı verdi.

Bütün iştirakçıları təbrik edir, qarşıda bizi gözləyən növbəti mötəbər turnirdə - Avropa kubokunda yenidən görüşməyi səbirsizliklə gözləyirik.

Milli.Az