100 milyonluq Arda Gülərlə bağlı maraqlı FAKT

19 Aprel 2026 17:11

"Real Madrid"in "Bavariya" ilə keçirdiyi oyunda Arda Gülərin nümayiş etdirdiyi performans İspaniya mediasında hələ də geniş müzakirə olunur. Madrid təmsilçisi bu qarşılaşmada 4:3 hesabıyla məğlub olaraq turnirlə vidalaşsa da, Gülər fərdi oyunu ilə diqqət mərkəzinə çevrilməyi bacardı.

Milli.Az-ın xəbərinə əsasən, İspaniyanın nüfuzlu nəşrlərindən olan "Marca" yazır ki, gənc futbolçu bu matçdan sonra həm oyun baxımından daha da yetkinləşib, həm də komandanın vazkeçilməz oyunçularından birinə çevrilib.

Məqalədə qeyd olunur ki, oyunun 88-ci dəqiqəsində Eduardo Kamavinqanın qırmızı vərəqə alması ilə "Real Madrid"in növbəti mərhələyə keçid şansları xeyli azaldı:

"Komandanın ulduzları - Kilian Mbappe qol vurmasına baxmayaraq, Vinisius Junior və Cud Bellinqem kimi oyunçular gözlənilən səviyyədən uzaq qaldılar. Gözləntiləri aşan yeganə futbolçu isə iki möhtəşəm qolla komandasını iki dəfə önə keçirən Arda Gülər oldu.

Manuel Noyerin uğursuz ötürməsindən istifadə edən Arda təxminən 40 metrdən vurduğu möhtəşəm zərbə ilə topu qapının sol yuxarı küncünə göndərdi. Ardınca isə sol ayağıyla yerinə yetirdiyi cərimə zərbəsi ilə topu səddin üzərindən aşıraraq yenidən qapını dəqiq nişan aldı və rəqib qapıçını aciz qoydu.

Onun vurduğu iki qol ilk oyunda alınan 2:1 hesablı məğlubiyyətə baxmayaraq, "Real Madrid"in yarımfinala yüksəlmək ümidlərini saxladı. Lakin Aleksandar Pavloviç və Harri Keynin qolları "Bavariya"ya cavab verməyə imkan yaratdı. Mbappenin vurduğu qol ilk hissədəki yüksək tempin zirvəsi oldu. İkinci hissədə isə oyun daha ehtiyatlı keçdi və komandalar bir-birini yoxlamağa başladı. Hakim Slavko Vinçiçin qərarı ilə "Real Madrid"in 10 nəfərlə qalması oyunun gedişatına ciddi təsir etdi.

Mövsümün bu mərhələsində Arda Gülər 6 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Bu statistika onun start heyətdə hər zaman yer almamasına baxmayaraq, komanda üçün nə qədər önəmli olduğunu sübut edir.

Ankara doğumlu 21 yaşlı Arda ötən mövsümlə müqayisədə 1000 dəqiqə daha çox - ümumilikdə 3181 dəqiqə meydanda olub. Bu isə onun komandadakı rolunun əhəmiyyətli dərəcədə artdığını göstərir.

Təxminən 100 milyon avro bazar dəyərinə malik olan Arda Gülər "Real Madrid"in gənc istedadlara etdiyi investisiyanın uğurlu nümunələrindən biridir". /Musavat.com

Milli.Az