Fidan Abbasova mediaya verdiyi müsahibəsində narkotik istifadəçisi olmasına dair faktları inkar edərək məhkəmədə iştirak edə bilmədiyini qeyd edib.
Sözügedən şəxs bu yolla obyektiv araşdırma həyata keçirən Nərimanov rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin hakimləri barəsində bilərəkdən yalan məlumatlar yayıb.
Milli.Az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində onu məsuliyyətdən azad etmək üçün verilmiş apellyasiya şikayətinə baxılarkən Fidan Abbasovanın tərəfindən 2 vəkil iştirak edib.
Fidan Abbasovanın narkotik istifadəçisi olması aşkar olunduğundan ciddi narahatlıq keçirdiyi üçün bu dəfə də sabiq məmurun adından istifadə etməyə çalışsa da, sözügedən ittihamların əsassız və sabiq məmur övladıyla əlaqəsiz olduğu müəyyən edilib.
Belə ki, Fidan Abbasovanın narkotik istifadəçisi olması onun əməllərindən zərərçəkmiş vətəndaş Leyla Abbasovanın 102 qaynar xəttinə müraciəti əsasında verdiyi şikayətin araşdırılması zamanı müəyyən edilib.
İctimaiyyətə özünü qurban kimi təqdim etməyə çalışan Fidan Abbasovanın apellyasiya şikayətinə baxılarkən hətta məhkəmə məhz onun müdafiəçisinin vəsatəti əsasında əlavə ekspert dəvət etmiş, Bakı Apellyasiya Məhkəməsində obyektiv araşdırma həyata keçirilməsi üçün məhkəmə iclası bir dəfə təxirə salınmış, ekspert məhkəmə zalındaca Abbasovanın vəkilinin və hakimin suallarına tam hərtərəfli cavab vermişdir. Sözügedən məhkəmə qərarından açıq-aşkar görünür ki, məhkəmə iclasında Fidan Abbasovanın hüquqlarını iki vəkil müdafiə etməyə çalışıb.
Bildiririk ki, Fidan Abbasovanın mətbuata verdiyi həmin məlumatlarda qeyd edilən "məhkəmədə nə mən nə vəkilim iştirak etməyib, müdafiə hüququm pozulub" ifadələri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsi nüfuzdan salan məlumatların internet informasiya ehtiyatında yayılması cinayət məsuliyyəti tərkibini yaradır.
Məhkəmə Hüquq Şurası tərəfindən hakimlərin müstəqillik və toxunulmazlıq hüquqlarını nümayişkarcasına pozan Fidan Abbasovanın əməllərinə hüquqi qiymət verilməsi üçün münasibət gözlənilir.
Milli.Az