Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb

18 Aprel 2026 21:43

Kiyevdə atışmanı 58 yaşlı rusiyaəsilli kişi törədib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisəni törədən şəxsin adı Dmitri Vasilçenkovdur.

O, Ukrayna paytaxtında insanlara atəş açaraq dörd nəfəri öldürüb, daha sonra supermarketdə barrikada quraraq bir neçə nəfəri girov götürüb.

Hadisə yerinə operativ şəkildə hüquq-mühafizə orqanları cəlb olunub və xüsusi təyinatlılar tərəfindən hücum edən şəxs zərərsizləşdirilib.

Daxili işlər naziri İqor Klimenko qeyd edib ki, hücum edən şəxs insanlara yaxın məsafədən atəş açıb və onun üzərində karabin tipli silah olub. Onun sözlərinə görə, cinayətkar əvvəlcə küçədə hərəkət edərək dörd nəfəri öldürüb, daha sonra mağazada girov götürdüyü şəxsi qətlə yetirib. Yaralılardan birinin də həyatını xilas etmək mümkün olmayıb.

Ümumilikdə insident nəticəsində altı nəfər həyatını itirib.

----------

Kiyevdə baş verən atışma nəticəsində beş nəfər ölüb, 10 nəfər yaralanıb.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.

"Hazırda beş nəfərin öldüyü məlumdur. Onların yaxınlarına və doğmalarına başsağlığı verirəm. Yaralanmış 10 nəfər xəstəxanaya yerləşdirilib. Hamısına zəruri yardım göstərilir. Dörd girov xilas edilib", - V.Zelenski bildirib.

Milli.Az