Trampın tarixi UFO çıxışı: "Çox maraqlı sənədlər tapdıq, yaxında açıqlayırıq"

18 Aprel 2026 20:34

Arizona ştatının Finiks şəhərində keçirilən "Turning Point USA" tədbirində çıxış edən Donald Tramp UFO (Naməlum Uçan Obyekt) mövzusunda uzun illərdir davam edən məxfiliyi bitirməyə hazırlaşdığını bildirib. O, fevral ayında verdiyi fərmanın nəticəsi olaraq arxivlərdə çox maraqlı tapıntıların üzə çıxdığını deyib.

Milli.Az xəbər verir ki, Trampın bildirdiyinə görə, Müdafiə Nazirliyi və kəşfiyyat orqanları onilliklərdir gizli saxlanılan faylları təsnif etməyə başlayıblar.

Prezident tapılan sənədlərin cəmiyyətdə böyük maraq yaradacağını və insanların "bu fenomenin həqiqət olub-olmadığını" öz gözləri ilə görə biləcəyini vurğulayıb.

Hazırda ABŞ-nin rəsmi araşdırma ofisi olan AARO-nun (Ümumdünya Anomaliyaların Həlli Ofisi) bazasında 2000-dən çox hesabat var. Bunların bir hissəsi pilotsuz təyyarələr və ya atmosfer hadisələri ilə izah olunsa da, xeyli hissəsi hələ də sirr olaraq qalır.

Bu məsələ həm də siyasi bir mübahisə mövzusudur. Tramp keçmiş prezident Barak Obamanı keçən il verdiyi bir müsahibədə kənar sivilizasiyaların "həqiqi" ola biləcəyinə dair eyhamlar vurduğu üçün "məxfi məlumatları qeyri-qanuni şəkildə yaymaqda" ittiham edib. Obama isə öz növbəsində bildirib ki, prezidentliyi dövründə birbaşa təmas sübutu görməsə də, kainatın böyüklüyü başqa yerlərdə həyat olma ehtimalını statistik olaraq qaçınılmaz edir.

2024-cü ildə yayımlanan Pentaqon hesabatı UFO iddialarına olduqca skeptik yanaşmışdı. Həmin hesabatda İkinci Dünya Müharibəsindən bu yana kənar sivilizasiyalara aid heç bir texnologiyanın tapılmadığı, əksər müşahidələrin isə adi obyektlərin yanlış tanınması olduğu iddia edilirdi. Lakin Trampın son çıxışı bu "sıradanlaşdırma" cəhdinə qarşı bir meydan oxuma kimi qiymətləndirilir.

Mütəxəssislər qeyd edirlər ki, açılacaq sənədlər təkcə "uzaylılar" haqqında deyil, həm də Rusiya və ya Çin kimi rəqib ölkələrin inkişaf etdirdiyi çox irəli səviyyəli casusluq texnologiyaları haqqında ola bilər. Əgər bəzi cisimlər fizikaya meydan oxuyan manevrlər edirsə (məsələn, səs partlayışı olmadan minlərlə kilometr sürətlə hərəkət), bu, qlobal təhlükəsizlik balansını kökündən dəyişə bilər.

Lalə Qüdrətova
Milli.Az