Cüdoçumuz yarımfinala yüksəldi

18 Aprel 2026 13:47

Azərbaycan cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında yarımfinala yüksəlib.

Milli.Az xəbər verir ki, 81 kiloqram çəkidə çıxış edən idmançı 1/4 finalda serbiyalı Vasiliye Gruyiçiçi məğlub edib.

O, bu raundda gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gələcək.

Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kiloqram) və Ömər Rəcəbli (81 kq) 1/8, Murad Fətiyev (90 kiloqram) isə 1/16 finalda uduzaraq turnirlə vidalaşıblar.

Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Daha əvvəl Hidayət Heydərov (73 kiloqram) gümüş, Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.

Milli.Az