Mayın 1-dən 3-dək Bakıda "Azərxalça" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi, həmçinin İqtisadiyyat Nazirliyi və AZPROMO-nun iştirakı ilə II Beynəlxalq Xalça Forumu 2026 keçiriləcək. Tədbir xalçaçılıq sahəsində aparıcı beynəlxalq ekspertləri, dizaynerləri, istehsalçıları, tədqiqatçıları, ixracatçıları və kreativ sənaye nümayəndələrini bir araya gətirəcək.
Tədbir ərəfəsində Qazaxıstandan olan sahibkar, Tumar Carpets qalereyasının təsisçisi Məryəm Qafurova forumla bağlı gözləntilərini bölüşüb.
Məryəm Qafurova türkmən tayfa ornamentlərinin, onların simvolikası və mədəni mənasının araşdırılması üzrə ixtisaslaşıb. Qalereyanın kolleksiyasına Türkmənistan, Əfqanıstan və Hindistan mənşəli minlərlə unikal xalça daxildir. Müxtəlif biznes sahələrində təcrübəsi və marketinq və mədəni identiklik üzrə magistr təhsili olan Məryəm ənənəvi xalçaçılığın müasir kommunikasiya vasitələri ilə tanıdılması potensialını görüb. Tumar Carpets yalnız qalereya deyil, həm də altı illik tarixə malik bloqdur və ənənəvi sənətkarlığın təşviqi üçün platforma rolunu oynayır. Layihə ustalarla kolleksiyaçılar arasında körpü yaradaraq, orijinal əl işi nümunələrinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.
"Bakıda keçiriləcək ikinci Beynəlxalq Xalça Forumunu mən dünyanın müxtəlif ölkələrindən ustaları, dizaynerləri və tədqiqatçıları birləşdirən genişmiqyaslı mədəni hadisə kimi təsəvvür edirəm. Bu, sadəcə sərgi deyil, ənənələrin müasirliklə qovuşduğu, milli xalçaçılıq məktəblərinin təcrübə və ideya mübadiləsi apardığı canlı platformadır. Biz elə bir dövrdə yaşayırıq ki, sərhədlər yoxdur - ən vacib məsələ təcrübə mübadiləsidir. Ümid edirəm ki, bu tədbir yalnız unikal xalçaların nümayişi deyil, həm də bu sənətin qorunması və beynəlxalq səviyyədə təşviqi üçün mühüm addım olacaq", - deyə o bildirib.
Onun sözlərinə görə, forum ölkələr arasında mədəni dialoqu gücləndirəcək, ustalara özlərini tanıtmaq imkanı verəcək, tamaşaçılara isə xalçanın simvolikasını, tarixini və ruhunu daha dərindən anlamağa kömək edəcək.
"Bu tədbir mənim üçün yalnız ənənələr deyil, həm də ilham, yeni əlaqələr və müasir dünyada sənətkarlığın inkişafıdır. Əl işi xalça sadəcə interyer əşyası deyil - o, mədəniyyətin, tarixin və identikliyin daşıyıcısıdır. Qalereya sahibləri olaraq bizim missiyamız yalnız satışla məhdudlaşmır. Biz irsin qoruyucuları və ötürücüləriyik. Biz tələbat yaratmırıq - biz dəyər formalaşdırırıq", - deyə Məryəm Qafurova vurğulayıb.
Onun fikrincə, xalça düzgün təqdim edildikdə artıq "dekor" deyil, status simvoluna, mədəni kodun bir hissəsinə və intellektual interyer elementinə çevrilir. Məhz bu yanaşma əl işi xalçaların dünya premium bazarında öz yerini tutmasına şərait yaradır.
"Xalçanın dəyəri yalnız xarici görünüşü ilə deyil, onun tarixini, simvolikasını və əl əməyini anlamaqla formalaşır. Əfqanıstan, Türkmənistan və Hindistandan olan xalçalarla işləyərkən görürük ki, hər bir nümunə bütöv bir mədəni kodu əks etdirir. Ornamentlər çox vaxt qorunma, rifah və ailə dəyərlərini simvolizə edir. Bu mənalar açıldıqda, xalçaya baxış daha da dərinləşir.
Status dəyəri isə unikallıq və əl işi ilə bağlıdır. Kütləvi istehsal dövründə məhz orijinallıq, zaman və ustalıq yeni lüks anlayışını formalaşdırır. Mədəni dəyər isə düzgün təqdimat - hekayələr, festivallar və canlı ünsiyyət vasitəsilə güclənir. Ona görə də xalçaları sadəcə nümayiş etdirmək deyil, onların mənasını açmaq vacibdir", - deyə o qeyd edib.
Məryəm Qafurova bildirib ki, storitellinq və autentikliyin təsdiqi xalçanın həqiqi dəyərini açmaq üçün əsas alətlərdir. Hər xalçanın arxasında onun mənşəyi, ornamentlərinin mənası və ustanın zəhməti dayanır.
"Autentikliyin təsdiqi bu dəyəri daha da gücləndirir. Bu, əl işi olan, məhdud sayda istehsal edilən və hazırlanması aylarla, bəzən bir ildən artıq vaxt aparan nümunələrdir. Məhz bu anlayış xalçanı məişət predmetindən prestij, məna və mədəni identiklik simvoluna çevirir", - deyə o əlavə edib.
Onun sözlərinə görə, xalçanın mənası onun tarixi və mənşəyi ilə müəyyən olunur. Hər bir xalçanın arxasında dayanan ənənələri anlamaq onu sadə məhsuldan mədəni irs nümunəsinə çevirir. Əl əməyinin dəyəri isə aylarla davam edən zəhmət və ustalıqla ölçülür.
"Düzgün təqdimat - storitellinq, vizual yanaşma və simvolikanın izahı vasitəsilə bu dəyərləri birləşdirir. Bu yanaşma insanlara xalçanı sadəcə görmək deyil, onu anlamaq imkanı verir. Gənclər arasında xalçaçılıq mədəniyyətini inkişaf etdirmək və yeni trendlər yaratmaq vacibdir. Çünki gələcək tələbatı məhz gənc nəsil formalaşdırır.
Bunun üçün auditoriya ilə müasir dildə - dizayn, sosial şəbəkələr və brendlərlə əməkdaşlıq vasitəsilə danışmaq lazımdır. Xalça yalnız ənənə deyil, həm də müasir stil və özünü ifadə vasitəsi kimi qəbul olunmalıdır. İnsanlar hər zaman estetik təqdimata reaksiya verirlər", - deyə Məryəm Qafurova bildirib.
İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az