Hidayət Heydərov cüdo üzrə Avropa çempionatında gümüş medal qazandı - YENİLƏNİB - FOTO

17 Aprel 2026 17:27

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Milli.Az İdman.Biz-ə istinadən xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan olimpiya çempionu Hidayət Heydərov finalda ev sahibi, olimpiya çempionu Laşa Şavdatuaşviliyə uduzub.

Bununla da o karyerasında ikinci dəfə qitə birinciliyinin gümüş medalına sahib çıxıb.

Təmsilimiz daha əvvəl 1/16 finalda Konstantinos Tsaparas (Yunanıstan), 1/8 finalda Dardan Çenan (Kosovo), 1/4 finalda Dayyan Boulemtafes (Fransa), yarımfinalda isə Bilal Çiloğlunu (Türkiyə) məğlub etmişdi.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan yeddi idmançıdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Milli.Az

___________

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında finala yüksəlib.

Milli.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionu yarımfinalda türkiyəli Bilal Ciloğluna qalib gələrək həlledici mərhələdə iştirak hüququ qazanıb.

Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Ötən gün Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.

Milli.Az