Aprelin 16-da paytaxt Brazzavil şəhərində Konqo Respublikasının yenidən seçilən Prezidenti Deni Sassu-Nqessonun andiçmə mərasimi keçirilib.
Milli.Az xəbər verir ki, Azərbaycanın Keniyadakı Səfirliyindən AZƏRTAC-a bildirilib ki, Prezident Deni Sassu-Nqessonun andiçmə mərasimində Azərbaycanın Keniya Respublikasındakı, eyni zamanda, iqamətgahı Nayrobi şəhərində olmaqla Konqo Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev iştirak edib.
10-dan çox Afrika dövlət və hökumət başçılarının, eləcə də bir çox dünya liderinin nümayəndələrinin iştirak etdiyi andiçmə mərasimi çərçivəsində səfir Sultan Hacıyev Prezident cənab Deni Sassu-Nqessoya Azərbaycanın Prezidenti cənab İlham Əliyevin təbrikini və səmimi salamlarını çatdırıb. Ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin daha da inkişafına inamını ifadə edib.
Konqo Respublikası Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident cənab İlham Əliyevə çatdırmağı xahiş edib. Azərbaycan hökumətinin bu mərasimdə təmsil olunmasına görə səfirə təşəkkür edib, həmçinin ölkəsi ilə Azərbaycan arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Səfər çərçivəsində səfir Sultan Hacıyev Konqo Respublikasının xarici işlər, frankofoniya və xaricdə yaşayan konqolularla iş üzrə naziri Jan Klod Qakosso, nazir müavini Güi Nestor İtua ilə keçirdiyi görüşlərdə ikitərəfli əlaqələrin genişləndirilməsi və beynəlxalq platformalarda qarşılıqlı dəstək imkanları ilə bağlı müzakirə aparılıb. Səfir həmsöhbətlərinə WUF13-ə hazırlıq işləri barədə qısa məlumat verib və Forum tarixində Azərbaycanın təşəbbüsü ilə ilk dəfə keçiriləcək Zirvə Toplantısında Afrika ölkələrinin dövlət və hökumət başçılarının iştirakının qitə üçün əhəmiyyətli olacağını vurğulayıb.
Qeyd edək ki, Prezident Deni Sassu-Nqessonun andiçmə zamanı ölkənin yeni inkişaf planı ilə bağlı səsləndirdiyi proqramda ölkənin əsas dəniz limanı və sənaye mərkəzi Port-Nuar şəhərinin urban və infrastruktur inkişafının əsas prioritetlərdən biri olduğunu vurğulayıb.
Milli.Az