Kloppun "Real Madrid"dən ilk tələbi bəlli oldu

16 Aprel 2026 23:09

"Real Madrid" rəhbərliyi və alman mütəxəssis Yurgen Klopp arasındakı danışıqlar dünya futbol gündəminin mərkəzinə çevrilib.

Milli.Az xəbər verir ki, mövsümün uğursuz gedişatından sonra "Kral Klubu"nun sükanı arxasına keçməyə ən yaxın namizəd hesab olunan Kloppun rəhbərlik qarşısında qoyduğu ilk şərt bəlli olub.

​"Liverpul"un keçmiş baş məşqçisi Madrid təmsilçisindən müdafiə xəttini kökündən yeniləməyi tələb edib.

Kloppun transfer siyahısının ilk pilləsində köhnə tələbəsi, "mersisaydlılar"ın ulduz müdafiəçisi İbrahima Konate yer alır. Klopp Konateni öz oyun sisteminin "onurğa sütunu" kimi görür və onun gəlişini keçid dövrü üçün həyati əhəmiyyətli hesab edir.

​Hazırda Konate və "Liverpul" arasındakı yeni müqavilə danışıqlarının dayandığı iddia edilir. Bu vəziyyət "Real Madrid"in əlini gücləndirən əsas amildir.

​Kloppun təkcə Konate ilə kifayətlənməyəcəyi bildirilir. Alman mütəxəssis müdafiənin mərkəzini tamamilə yenidən qurmaq üçün rəhbərlikdən ümumilikdə 140 milyon avroluq büdcə istəyib. 

​Hazırda "Red Bull" qrupunda futbol üzrə qlobal rəhbər vəzifəsində çalışan Kloppun yenidən məşqçiliyə qayıtmaq üçün Madrid klubuna "hə" dediyi, lakin transfer səlahiyyətlərinin tamamilə ona verilməsini şərt qoyduğu vurğulanır. (Offsideplus.az)

Milli.Az