Yeganə Axundova və Gülsin Onay möhtəşəm konsert proqramı ilə çıxış edib - FOTO

16 Aprel 2026 21:03

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijor Fuad İbrahimovun rəhbərliyi, Bakı Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər -Yeganə Axundova (piano) və Türkiyədən dəvət olunmuş tanınmış ifaçı Gülsin Onay (piano) möhtəşəm konsert proqramı ilə çıxış etdilər. Yüksək peşəkarlıq və zövqlü repertuar seçimi ilə onlar dinləyicilərin böyük rəğbətini qazandılar.

Konsertdən öncə tədbirin giriş sözünü Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə səsləndirdi. O gecənin məzmununu geniş və sistemli şəkildə şərh edərək, həm ifaçıların yaradıcılıq portretini, həm də səsləndiriləcək əsərlərin musiqi-estetik xüsusiyyətlərini dinləyicilərə ətraflı şəkildə təqdim etdi.

Gecənin proqramı W.A.Mozart-ın "Divertisment" (F-dur) əsəri ilə açıldı. Ardınca bəstəkarın iki piano və orkestr üçün Es-dur konserti (üç hissədə) səsləndirildi.

Gecənin sonunda bis olaraq Sevda İbrahimovanın "Yenə güllər açıb" əsəri və J.Brahms-ın məşhur "Macar rəqsi" səsləndirildi. Bu musiqi nömrələri də öz növbəsində konsertə xüsusi rəng qataraq dinləyicilərə unudulmaz təəssüratlar bəxş etdi.

Bakı Dövlət Kamera Orkestrinin bu konsert proqramı yüksək səviyyəli ifaçılıq, uğurlu repertuar seçimi və beynəlxalq əməkdaşlıq nümunəsi kimi yadda qaldı.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az