Qərb blokunda "Hörmüz" böhranı: Transatlantik müttəfiqlikdə strateji addımlar

16 Aprel 2026 20:55

ABŞ-nin İran və Hörmüz boğazına yönəlmiş hərbi planları təkcə regional sabitliyi deyil, həm də qlobal müttəfiqlik balansını sarsıdır. 

Milli.Az xəbər verir ki, Vaşinqtonun ən yaxın Qərb tərəfdaşları ilə münasibətlərində ciddi gərginlik yaranıb. Xüsusilə İngiltərə, Fransa və Almaniya ABŞ-ın hərbi əməliyyatlarına dəstək verməkdən imtina edərək öz müstəqil xarici siyasət kurslarını nümayiş etdirirlər.
Gərginliyin ən diqqətçəkən nöqtələrindən biri Londonun mövqeyidir. İngiltərənin Baş naziri Kir Starmer açıq şəkildə "əməliyyatlara qatılmırıq" bəyanatını yayıb. Starmer bildirib ki, Britaniya vətəndaşları bu müharibənin bədəlini kəskin artan enerji xərcləri ilə ödəmək məcburiyyətində qalmamalıdır. Bu açıqlama Londonun Vaşinqtonun hərbi avantüralarına görə öz iqtisadiyyatını riskə atmayacağının bariz göstəricisidir.

Fransa Prezidenti Emanuel Makron isə daha strateji bir gediş edərək, ABŞ-ın iştirakı olmadan "çoxmillətli dinc missiya" yaratmaq üzərində işləyir. Parisin bu addımı Avropanın hərbi məsələlərdə Vaşinqtondan asılılığını minimuma endirmək və öz təhlükəsizlik arxitekturasını qurmaq istəyindən xəbər verir. Bu layihə faktiki olaraq ABŞ-ın bölgədəki hegemonluğuna diplomatik bir etiraz kimi qiymətləndirilir.

Beynəlxalq analitiklər hesab edirlər ki, gərginlik təkcə döyüş meydanı ilə məhdudlaşmır; diplomatik və strateji kanallarda da dərin uçurum yaranıb. Avropanın aparıcı dövlətlərinin bu qədər açıq və kəskin şəkildə ABŞ-ın hərbi xəttindən uzaqlaşması davam edən böhran fonunda Qərb blokunun daxildən parçalanması siqnalı kimi qəbul edilir.

Pentaqonun bu sarsıntıya necə reaksiya verəcəyi və Avropa dövlətlərini yenidən öz tərəfinə çəkmək üçün hansı təzyiq rıçaqlarından istifadə edəcəyi hazırda qlobal siyasətin əsas müzakirə mövzusudur.

Səkinə Yusifova
Milli.Az