“Space” tv bağlanır? - Təcili iclas keçirildi

16 Aprel 2026 16:30

Bu dəqiqələrdə "Space" televiziyasında təcili iclas keçirilib.

Milli.Az Manset.az-a istinadən xəbər verir ki, televiziyanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Nəriman Əbdüləliyevin göstərişi ilə kanalın bütün əməkdaşları anidən foyeyə çağırılıb.

İclasda departament rəhbərləri də iştirak ediblər. Nəriman Əbdüləliyev televiziyanın əməkdaşlarından halallıq istəyib: "Vado Korovinin rəhbərlik etdiyi dövrdə kiminsə xətrinə dəymişiksə, bizi bağışlasınlar. Biz burada olmaya bilərik. "Space TV"ni qoruyun", - deyə o bildirib.

Axar.az-ın yaydığı məlumatda isə iddia edilir ki, yaxın müddətdə sözügedən TV-nin fəaliyyətinə xitam veriləcək.

Buna səbəb isə kanalın uzun müddətdir rentabelli olmaması və keyfiyyət göstəricilərinin təsisçini qane etməməsidir.

Bildirilir ki, kanalın əvvəlki şöhrətini qaytarmaq üçün bir neçə dəfə rəhbərlik dəyişdirilsə də, nəticə əldə olunmayıb. Buna görə də kanalın təsisçisi bağlanma qərarı verib.

Məlumatla bağlı "Space"dən münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, bundan öncə "Space" TV-də yoxlamalar aparıldığı və kanalın rəhbəri Vado Korovinin vəzifədən uzaqlaşdırıldığı ilə bağlı məlumat yayılıb. Kanal yayılan məlumatların heç birinə rəsmi reaksiya verməyib. "Space" TV 12 oktyabr 1997-ci ildə yayıma başlayıb.

Milli.Az