Beynəlxalq Xalça Forumu 2026: Qeydiyyat başladı - FOTO

15 Aprel 2026 17:52

"Azərxalça" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi ilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə 1-3 may tarixlərində keçiriləcək Beynəlxalq Xalça Festivalına hazırlıq işləri davam edir.

Festival mayın 1-də Bakı Biznes Mərkəzində keçiriləcək "Xalça sənayesi: dəyərin yaradılması, brendinq və dünya bazarına inteqrasiya. Mədəni irsdən rəqabətədavamlı qlobal məhsula doğru" mövzusuna həsr olunmuş Beynəlxalq Xalça Forumu ilə fəaliyyətə başlayacaq. Forum xalça sənayesinin aparıcı beynəlxalq ekspertlərini, dizaynerlərini, istehsalçı və tədqiqatçılarını, habelə ixracatçı və yaradıcı sənaye nümayəndələrini bir araya gətirəcək.

Qeyd edək ki, 14.04.2026-cı il tarixindən etibarən festivalın rəsmi saytında Forumda dinləyici qismində iştirak etmək istəyənlər üçün qeydiyyat prosesinə start verilib. Maraqlananlar https://bakucarpetfest.az/2026/forum/ linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Forum üçün nəzərdə tutulan dinləyici yerlərinin məhdud olduğunu diqqətinizə çatdırırıq.

İkinci dəfə təşkil olunacaq Beynəlxalq Xalça Forumu əllə toxunan xalçaların ənənəvi irsdən qlobal rəqabətədavamlı məhsula çevrilməsi yolunda mühüm platformadır. Tədbir nəzəriyyədən daha çox, real biznes təcrübələrinə və uğurlu beynəlxalq nümunələrə fokuslanır.

Builki Forumun əsas hədəf və istiqamətləri aşağıdakılardır:

Mədəniyyətdən Biznesə Keçid: Forum xalçanı sadəcə muzey eksponatı və ya qədim sənət nümunəsi kimi deyil, qlobal bazarda satıla bilən yüksək kommersiya dəyərli məhsul kimi təqdim edir;

Müasir Dizayn Tələbi: Əsas yanaşma ondan ibarətdir ki, xalçanın keyfiyyəti qədər, onun müasir interyerlərə uyğunluğu və dizayn innovasiyaları da beynəlxalq uğur üçün həlledicidir;

Hekayənin Gücü (Storytelling): Müasir marketinq tələblərinə əsasən, alıcıya sadəcə məhsul deyil, həm də o xalçanın arxasındakı mədəniyyəti, toxucunun əməyini və hər bir naxışın mistik mənası çatdırılmalıdır;

Praktiki Təcrübə: Nəzəri mühazirələr əvəzinə, dünya bazarında uğur qazanmış xarici şirkətlərin və dizaynerlərin real satış və ixrac modelləri nümunə kimi nümayiş olunur.

Beynəlxalq Muzeylər Şurasının (ICOM) vitse-prezidenti və BƏƏ üzrə ICOM-un sədri  Nasir Al Darmaki, Meksikadan tədqiqatçı alim, akademik və icmaya əsaslanan davamlı inkişaf üzrə mütəxəssis Prof. Dr. Maria Del Carmen Avendano Rito, İtaliyadan kolleksiyaçı, restavrator, qədim xalçaların elmi tədqiqatı sahəsində dünya səviyyəli mütəxəssis Luca Emilio Brancati, Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) Baş Katibi Fahri Solak, "Kyrgyz Handmade"-in icraçı direktoru Dinara Asanbayeva, Mərakeş Turizm, Sənətkarlıq və Sosial İqtisadiyyat Nazirliyinə tabe "Maison de l'Artisann"ın (Sənətkar Evi) baş direktoru Tarik Sadiq  və digərləri çıxışçı kimi iştirak edəcəklər. Bu Forum xalçaçılıq sektorunun iqtisadi potensialını artırmaq üçün həm dizaynerlər, həm də istehsalçılar üçün praktiki yol xəritəsi təqdim etməyi hədəfləyir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az