“Təsviri sənət kağızda” adlı yaradıcılıq sərgisi açıldı - FOTO

14 Aprel 2026 16:36

Klassik Azərbaycan İncəsənəti ənənələrini yaşatmağa xidmət,  rəssamın təxəyyülü və estetik baxışının kağız üzərində ifadəsini seyrciyə göstərmək, həmçinin, kağız üzərində işlənmiş əsərlərə ictimai marağı  artırmaq  məqsədi ilə peşəkar rəssamlar arasında elan olunmuş  "Təsviri sənət kağızda" adlı yaradıcılıq sərgisi Xətai Sənət  Mərkəzində açıldı.

Sərgini giriş sözü ilə ADRA prorektoru, Xalq rəssamı, professor Səlhab Məmmədov açaraq sərgi iştirakçılarını salamladı və tədbirin əhəmiyyətindən danışdı. Söz alan Millət vəkili, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə xanım Həmzəyeva, söz alan Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, xalq rəssamı, professor, Ağaəli İbrahimov, Xalq rəssamı, professor Arif Hüseynov, Rəssam Mais Əliyev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov öz ürək sözlərini bildirdilər. Sərgi nominasiyalar üzrə mükafatların və sertifikatların  təqdim olunması ilə davam etdi. Natiqlər və sərgi iştirakçıları bu tədbirin davamlı olmasını məsləhət gördülər.

Sərgiyə 300-dən çox təsviri sənət ustası sərbəst mövzuda işlənmiş 600-dən çox qrafika, miniatür, sulu boya və eskiz əsərlər təqdim etmişlər. Daha çox fərqli baxış sərgiləmək məqsədi ilə bəzi iştirakçının 2 və ya 3 əsərinin sərgilənmə haqqı olmasına baxmayaraq, ən yaxşı nəticə göstərən 103 iştirakçının hər birindən 1 əsər sərgiləndi.

Sərgiyə dəstək məqsədi ilə bir çox peşəkar rəssamlarımız da öz əsərləri ilə sərgidə qonaq qismində iştirak edir.
Sərgidə nominasiyalar üzrə hədiyyə alanlar: Gülhan Bəydəmir, Otti Günnen, Qərənfil Tofiqli, Fatimə Babazadə, Aylin Gülmməmədova, Selcan Tağıyeva,
Tahir Şıxəliyev, Rəşad Xanəlizadə. Əsəri sərgilənən iştirakçıya sertifikat təqdim olundu.

Tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Beynəlxalq Akvarel Qalereyası və Xətai Sənət Mərkəzidır.

Dəstəkçilər: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Xətai Rayon İcra Hakimiyyəti, Beynəlxalq Sulu boya Cəmiyyəti Azərbaycan nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyidir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az