Heydər Əliyev Sarayında 30 aprel saat 20:00-da Beynəlxalq Caz Gününə həsr olunmuş möhtəşəm konsert proqramı keçiriləcək. Tədbir 33 Event və Show Time tərəfindən təşkil olunur. Gecə caz musiqisinin ənənələri ilə müasir səslənişin vəhdətini təqdim edən baharın ən yaddaqalan musiqi hadisələrindən biri olacaq.
Həmin axşam Bakı dünya caz xəritəsində ən parlaq məkanlardan birinə çevriləcək. Konsertə xüsusi rəng qatan məqamlardan biri isə dünya şöhrətli pianoçu və vokalçı, Azərbaycanın Xalq artisti Əzizə Mustafazadənin çıxışı olacaq. O, səhnəyə oğlu - məşhur musiqiçi nəslinin davamçısı, böyük Vaqif Mustafazadənin nəvəsi Ramiz-Xan Hacıyev ilə birlikdə çıxacaq. Bu duet nəsillər və üslublar arasında rəmzi körpü rolunu oynayacaq.
Gecənin xüsusi qonağı isə ABŞ-dan dəvət olunmuş, beynəlxalq səviyyədə tanınan caz ifaçısı Ronald Beyker olacaq.
Səhnədə həmçinin Azərbaycan cazının aparıcı simaları çıxış edəcək - Xalq artisti Salman Qəmbərov, RAST qrupu (bədii rəhbər - Əməkdar artist Rəşad Haşımov), Əməkdar artistlər Sevda Ələkbərzadə, Emil Əfrasiyab və Ruslan Hüseynov, eləcə də gənc nəslin istedadlı nümayəndələri Riad Məmmədov, Elvin Bəşirov, İsa Bağırov və Medina Paşayeva.
Bu konsert sadəcə musiqi gecəsi deyil, improvizasiya ilə ənənənin, səhnə enerjisi ilə canlı emosiyanın vəhdət təşkil etdiyi genişmiqyaslı mədəni hadisə olacaq. Gecə boyunca caz öz bütün rəngarəngliyi ilə - klassik motivlərdən müasir eksperimentlərə qədər səslənərək, sənətçiləri və tamaşaçıları azadlıq və yaradıcılıq ritmində birləşdirəcək.
Biletləri əldə etmək üçün: https://iticket.az/ru/events/concerts/baku-international-jazz-day-2026
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az.