Bu şəxslər işə qəbul zamanı sınaq müddətindən AZADDIR

14 Aprel 2026 12:30

Azərbaycanda işə qəbul zamanı tətbiq edilən sınaq müddəti ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur.

Milli.Az xəbər verir ki, Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən, bəzi şəxslər üçün sınaq müddətinin təyin olunmasına icazə verilmir. Baxmayaraq ki, bir çox işəgötürən bu müddəti işçinin peşəkar bacarıqlarını yoxlamaq məqsədilə tətbiq edir və onu maksimum 3 ayadək müəyyənləşdirə bilir.

İnsan resursları üzrə mütəxəssis Aytən Şıxəliyeva bildirir ki, universiteti bitirdiyi il ilk dəfə öz ixtisası üzrə işə başlayan şəxslərə sınaq müddəti qoyula bilməz:

"Eyni zamanda, 18 yaşdan kiçik şəxslər, hamilə qadınlar, 3 yaşına qədər uşağı olan analar, həmin yaşa qədər uşağı təkbaşına böyüdən atalar, dövlət göndərişi ilə işə qəbul edilənlər, istehsalat təcrübəsi keçənlər və müvəqqəti işlərdə çalışanlar da bu qaydadan kənarda qalır".

Ekspert onu da vurğulayır ki, əgər bu tələblər pozularsa, işçi əvvəlcə işəgötürəndən sınaq müddətinin ləğv olunmasını tələb etməlidir. Əgər bu tələb yerinə yetirilməzsə, o zaman Əmək Müfəttişliyinə müraciət etmək mümkündür. Müfəttişlik ilkin olaraq işəgötürənə xəbərdarlıq edir, pozuntu aradan qaldırılmadıqda isə qanunvericiliyə uyğun şəkildə cərimə tətbiq edilir. 

Asya
Milli.Az