Gündə cəmi 30 dəqiqə fiziki aktivlik sağlam və gənc qalmaq üçün mühüm rol oynayır.
Milli.Az xəbər verir ki, aparılan elmi araşdırmalar göstərir ki, müntəzəm hərəkət yalnız fiziki görünüşü deyil, həm də bədənin bioloji yaşını müsbət istiqamətdə dəyişə bilər.
Mütəxəssis Duygu Keskin qeyd edir ki, yaş artdıqca baş verən Sarkopeniya (əzələ itkisi) yalnız gücü azaltmır, həm də hüceyrə səviyyəsində qocalmanı sürətləndirir. Onun sözlərinə görə, əzələ toxuması maddələr mübadiləsi, hormon balansı, immun sistemi və beyin funksiyaları ilə birbaşa əlaqəlidir.
Araşdırmalara əsasən, əzələ kütləsinin azalması metabolizmin zəifləməsinə, bədən yağının artmasına və insulin müqavimətinə səbəb olur. Bu isə diabet və ürək-damar xəstəlikləri riskini yüksəldir. Eyni zamanda, hərəkətsizlik tarazlığı pozur, yıxılma və zədələnmə ehtimalını artırır.
Mütəxəssis vurğulayır ki, müntəzəm idman hüceyrələrin qocalma prosesinə də təsir edir. Xüsusilə Telomere adlanan və hüceyrə yaşlanmasının əsas göstəricilərindən sayılan strukturlar fiziki fəaliyyət sayəsində daha yaxşı qoruna bilər.
Gündəlik həyat tərzinə daxil edilən 30-40 dəqiqəlik aktivlik - sürətli gəzinti, üzgüçülük və ya velosiped sürmə kimi məşqlər - həm fiziki, həm də zehni sağlamlığa müsbət təsir göstərir. İdman zamanı beyinə gedən oksigenin artması yaddaşı, diqqəti və öyrənmə qabiliyyətini gücləndirir.
Mütəxəssislər bildirir ki, təkcə gəzmək kifayət deyil. Effektiv nəticə üçün proqramda kardio, müqavimət və dartınma məşqləri birlikdə yer almalıdır. Bu yanaşma həm əzələ kütləsini qoruyur, həm də bədənin elastikliyini artırır.
Qeyd olunur ki, bu gün ayrılan 30 dəqiqəlik hərəkət gələcəkdə daha sağlam, enerjili və bioloji baxımdan daha gənc qalmağın əsas açarı hesab olunur.
Fidan
Milli.Az