Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?
Milli.Az xəbər verir ki, elmi baxımdan "qaranlıq üz" ifadəsi yanlışdır. Ayın hər iki tərəfi (yaxın və uzaq) eyni miqdarda günəş işığı alır.
Ay öz oxu ətrafında bir dəfəyə (təxminən 29 gün) Yer ətrafında bir dövrə vurur. Bu hərəkətlər eyni vaxtda baş verdiyi üçün biz Yerdən həmişə Ayın yalnız bir tərəfini görürük.
Elm adamları bu hissəni "qaranlıq tərəf" deyil, "uzaq tərəf" (Far side) adlandırırlar.
NASA-nın GRAIL missiyasından əldə edilən məlumatlar göstərir ki, Ayın bizə görünən və görünməyən tərəfləri arasında daxili struktur fərqləri var:
Yaxın tərəf (Görünən): Səthi daha hamardır, qədim lava axınlarının qalıqları olan tünd bazalt düzənlikləri ("ay dənizləri") ilə örtülüdür. Burada qabıq daha nazikdir.
Uzaq tərəf (Görünməyən): Daha kələ-kötürdür və saysız-hesabsız kraterlərlə örtülüdür. Buradakı yer qabığı daha qalın olduğu üçün vulkanik fəaliyyət məhdud olub və meteorit zərbələrinin izləri daha aydın qalıb.
Ay Yerin ətrafında elips formalı orbitlə hərəkət etdiyi üçün onun sürəti dəyişir. Bu səbəbdən Ay Yerdən baxanda sanki bir az "yırğalanır" (librasiya fenomeni).
Bu effekt sayəsində insanlar zamanla Ay səthinin 59%-ni müşahidə edə bilirlər. Yəni hər hansı bir anda 50%-ni görsək də, librasiya bizə əlavə 9%-lik kənar hissəni görmək imkanı verir.
Ayın həmişə eyni tərəfi ilə Yerə tərəf baxmasının səbəbi Yerin tətbiq etdiyi güclü cazibə qüvvəsidir (qabarma qüvvəsi). Bu qüvvə milyonlarla il ərzində Ayın öz oxu ətrafındakı fırlanmasını yavaşladaraq orbiti ilə sinxron hala gətirib. Bu vəziyyət Günəş sistemindəki bir çox digər peyklər (məsələn, Yupiterin peykləri və Titan) üçün də keçərlidir.
Lalə Qüdrətova
Milli.Az