Uzun müddət davam edən öskürəklə bağlı xəbərdarlıq

14 Aprel 2026 04:04

Yaz aylarının gəlməsinə baxmayaraq, havaların hələ də tam isinməməsi sağlamlıq problemlərini də özü ilə gətirir.

Milli.Az xəbər verir ki, xüsusilə allergiyaya meyilli şəxslərdə polenlərin təsiri ilə tənəffüs yollarında həssaslıq artır, bu da uzunmüddətli öskürəyə səbəb ola bilər.

Türkiyəli həkim Ergün Tozkoparanın sözlərinə görə, bəzi hallarda soyuqdəymə və ya boğaz ağrısı kimi infeksiya əlamətləri keçsə də, öskürək həftələrlə davam edə bilər. Bu vəziyyət bronxların hələ də həssas qalması və allergik reaksiyalarla əlaqədar olur. Xəstələrdə nəfəs alarkən xırıltı, gecə saatlarında öskürəyin artması və yuxu keyfiyyətinin pisləşməsi kimi hallar müşahidə oluna bilər.

Vurğulayıb ki, uzun müddət davam edən öskürək hər zaman infeksiyanın davam etməsi anlamına gəlmir. Bəzi hallarda orqanizm sağalsa da, bronxların həssaslığı qalır və bu da simptomların davam etməsinə səbəb olur. Bu səbəbdən belə hallarda həkim müayinəsi vacib sayılır.

O, həmçinin öskürəklə bağlı yayılmış bəzi yanlış fikirlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, hər öskürəkdə antibiotik istifadəsi düzgün yanaşma deyil. Xüsusilə allergik və ya astmatik öskürəklərdə antibiotiklərin təsiri olmur.

Bildirilib ki, bahar aylarında müşahidə olunan öskürəklərin əksəriyyəti bakterial deyil, allergik və ya virus mənşəli olur. Bu səbəbdən antibiotiklərin lazımsız istifadəsi həm yan təsirlərə, həm də antibiotikə davamlı bakteriyaların yaranmasına gətirib çıxara bilər.

Mina Mikayılova
Milli.Az