Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" adlı konsert keçirilib. Proqramda BMM-nın solisti Vəfa Vəzirova, Muğam Televiziya Müsabiqəsinin qalibləri Könül Tağıyeva, Mirpaşa Şükürov, Sərxan Mirzəyev , Fərhad Ramazanov, Vüsal Qasımov və Zümrüd Məmmədovanın ifasında "Segah", "Zabul", "Zəminxarə", "Çahargah" təsnifləri və xalq mahnıları səsləndirilib. Xanəndələri BMM-in solistlərindən ibarət instrumental heyət - tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov, qanunda Məhta Məhəmmədəlizadə, balabanda Rafael Əsgərov və nağarada Amil Mustafayev müşayiət ediblər.
Muğam gecəsi tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.
Qeyd edək ki, "Muğamat axşamı" adlı konsertlərin məqsədi muğamın təbliğinə töhfə vermək və bu ulu sənətin fəlsəfəsini gənc nəsillərə çatdırmaqdır.
Xatırladaq ki, BMM tərəfindən "Muğamat axşamı" və "Muğam dəstgahları" adlı konsert proqramları ayda iki dəfə musiqisevərlərə təqdim edilir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az