Tikinti materialları bahalaşdı - bazar göstəriciləri AÇIQLANDI

13 Aprel 2026 13:36

Tikinti materialları bazarında pərakəndə satış qiymətlərində artım müşahidə olunur.

Bunu Milli.Az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə topdansatış qiymətlərində ciddi dəyişiklik olmasa da, logistika xərci tələb edən bəzi materiallarda artım qeydə alınıb.

"Yerli istehsal məhsullarında isə qiymətlər sabit qalıb. Pərakəndə satışda sement, taxta və armatur qiymətlərində təxminən 10 faiz artım baş verib. Bəzi satış məntəqələrində sementin bir kisəsi 9 manatadək yüksəlib ki, bu da ötən illə müqayisədə təxminən 20 faiz artım deməkdir".

Sədr bildirib ki, hər il mart ayından etibarən tikinti mövsümünün başlaması ilə qiymətlərdə artım tendensiyası müşahidə edilir.

"Eyni zamanda, geosiyasi proseslər və logistika xərclərinin dəyişməsi də bazara təsir göstərir.Yaxın aylarda tikinti materiallarının qiymətlərində artımın davam etməsi gözlənilir. Lakin geosiyasi vəziyyətin sabitləşməsi halında qiymətlərin enməsi ehtimalı da var. Bu prosesdə inflyasiya, əməkhaqqı xərcləri və ümumi tələbatın artmasını əsas faktorlardır".

V. Oruc qeyd edib ki, hazırda bazarda taxtanın bir kubmetri növündən asılı olaraq 340-420 manat, sementin bir kisəsi 7,50-9 manat, kərpic 35-45 qəpik, armatur isə ton üzrə 750-950 manat aralığında təklif olunur.

"Bu göstəricilər ötən illə müqayisədə 5-10 faiz artım deməkdir.Proqnozlara əsasən, bu il ümumilikdə tikinti materiallarının qiymətində 10-12 faiz artım gözlənilir", - deyə o qeyd edib.

Ayxan
Milli.Az