Hörmüz blokadaya alınsa, İran nələr itirəcək?

13 Aprel 2026 12:43

ABŞ-ın bu gündən başlayaraq İranı dəniz blokadasına alması barədə qərarı İkinci dünya müharibəsindən sonra Amerikanın bu qəbildən olan ilk addımıdır.

Milli.Az xəbər verir ki, Tehranın iddialarına və təhdid bəyanatlarına baxmayaraq, bunun İran üçün nəticələri 12 və 40 günlük müharibədən daha ağır olacaq.

Ona görə ki, Hörmüz boğazının dəniz blokadası İran iqtisadiyyatına gündə təxminən 435 milyon dollara başa gələ bilər. Bunun 276 milyon dolları ixracın azalması, 159 milyon dolları isə idxalın pozulmasına görə baş verə və bununla da İranın aylıq ziyanı 13 milyard dollara bərabər ola bilər.

İranın xarici ticarətinin 90 faizindən çoxu Bəsrə (Fars) körfəzi vasitəsilə həyata keçirilir: neft və qaz hökumətin ixrac gəlirlərinin təxminən 80 faizini və ümumi daxili məhsulunun təxminən dörddə birini təşkil edir.

Gündə təxminən 1,5 milyon barrel neft ixracının dayandırılması, neft-kimya məhsulları və digər malların ixracı ilə yanaşı, İranın valyuta ehtiyatlarının böyük bir hissəsini məhv edəcək.

Cask, Çabahar və Xəzər dənizi limanları kimi alternativ vasitələr ümumilikdə cari ticarətin yalnız kiçik bir hissəsini əhatə etdiyinə görə Hörmüz blokadasını kompensasiya edə bilməz.

İranın quruda neft saxlama tutumu da məhduddur və blokada davam edərsə, təxminən 13 gün ərzində neft anbarları dolacaq. Bu da bəzi yataqlarda istehsalın dayandırılmasına və uzunmüddətli saxlama gücünün azalmasına səbəb olacaq.

Eyni zamanda, valyuta gəlirlərinin aradan qaldırılması riala, inflyasiyaya və əsas malların tədarükünə əlavə təzyiq göstərəcək və iqtisadi sabitliyə ciddi təhlükə yaradacaq.

Bir sözlə, İranın Amerikaya qarşı əsas təzyiq amili kimi istifadə etmək istədiyi Hörmüz boğazı blokadaya alınandan sonra Tehranın özünə qarşı daha ölümcül amilə çevriləcək.(axar.az)

Milli.Az