"İmişli FK"nin ev oyunlarını keçirdiyi Quba Olimpiya İdman Kompleksi stadionunda problemlərin davam etdiyi bildirilir.
Milli.Az xəbər verir ki, məlumata görə, arenanın ot örtüyü ilə yanaşı, qapı torlarının da yararsız vəziyyətdə olması diqqət çəkib. Bu barədə II Liqada çıxış edən "Quba FK" klubunun rəsmisi Ayaz Abdullayev sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, mövsümün əvvəlində məsələ ilə bağlı "İmişli" klubuna müraciət olunsa da, problemlər aradan qaldırılmayıb. Onun sözlərinə görə, qapı torları yenilənmək əvəzinə iplə birləşdirilərək istifadə olunub.
Ayaz Abdullayev paylaşımında stadionun vəziyyətinə münasibət bildirərək, arenaya daha məsuliyyətli yanaşmanın vacibliyini vurğulayıb və klubların öz ev oyunlarına daha diqqətli yanaşmalı olduğunu qeyd edib.
Qeyd edək ki, məsələ sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.
Milli.Az