İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-la İran arasında İslamabad şəhərində keçirilən danışıqların uğursuz nəticələndiyini açıqlayıb.
Milli.Az xəbər verir ki, bu barədə nazir sosial şəbəkə X hesabında paylaşım edib.
O bildirib ki, İran ABŞ-la danışıqlarda xoş niyyət nümayiş etdirib və son 47 ilin ən yüksək səviyyəli nümayəndələrini İslamabada göndərib.
Araqçinin sözlərinə görə, intensiv müzakirələr zamanı tərəflər müharibənin dayandırılması istiqamətində əməkdaşlıq edib. Lakin İslamabad memorandumunun imzalanmasına az qalmış ABŞ tərəfinin maksimalist mövqe sərgiləməsi, qaydaları dəyişməsi və sərt yanaşması danışıqların nəticəsiz qalmasına səbəb olub. Nazir əlavə edib ki, ABŞ bu prosesdən "heç bir dərs çıxarmayıb".
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Trump Vaşinqtonun Tehranla nüvə proqramı ilə bağlı razılığa gələ bilmədiyini və bu səbəbdən ABŞ hərbi qüvvələrinin İrana qarşı dəniz blokadasına başladığını bəyan edib.
Ayxan
Milli.Az