Kollektorun daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır - FOTO

11 Aprel 2026 14:10

05-06 aprel 2026-cı il tarixlərində intensiv yağan yağışlar nəticəsində Bakı dairəvi magistral kollektorunda su həcminin kəskin artması səbəbindən Keşlə qəsəbəsinin M.Ə. Sabir və K.Əfkari küçələrinin kəsişməsindən keçən hissəsindən daşması nəticəsində ərazidə yaranmış fəsadların aradan qaldırılması və infrastrukturun bərpası istiqamətində tədbirlər həyata keçirilir.

Milli.Az xəbər verir ki, Nizami rayonunun kommunal xidmət sahələri tərəfindən görülən işlər çərçivəsində ərazidə genişmiqyaslı sanitar-təmizlik işləri aparılır, həyətyanı sahələr və keçid yolları palçıq və lildən təmizlənərək yuyulur.

Həmçinin, gələcəkdə belə halların təkrarlanmaması və preventiv tədbirlərin görülməsi məqsədilə aidiyyatı qurumlara müraciətlər ünvanlanmışdır.

Hazırda ərazidə davamlı olaraq dezinfeksiya işləri aparılır.

Milli.Az