Aramsız yağışlar səbəbindən sürüşməyə məruz qalan Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi daha da genişlənib.
Milli.Az xəbər verir ki, artıq sürüşmə sahəsinin eni 4-5 kilometrə çatıb.
Sakinlər rayon mərkəzinə getmək üçün sürüşmə sahəsinə qədər avtomobillə gəlir, daha sonra yolu piyada davam etdirməyə məcbur qalırlar.
Qonaqkənd sakinləri mağazalarda ərzaq qıtlığının yaranacağından narahatdırlar.
"Hazırda mağazalarımızda bir qram un yoxdur, qıtlıqdır, ərzaq yoxdur. Yola görə belədir. Yaxşı olar ki, bir çarə qılsınlar", - deyə sakin qeyd edib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumların rəhbər şəxsləri əraziyə baxış keçiriblər. Artıq Qonaqkənd istiqamətində alternativ yolun çəkilişinə başlanılıb.
Yeni yol sürüşmənin baş verdiyi 41-ci kilometrdən başlayaraq köhnə Qonaqkənd yolu istiqamətində təxminən 6 kilometr məsafəni əhatə edəcək.
"Rayonumuzun 4 inzibati ərazi darəsinin 25 yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi bu hissədə tamamilə kəsilib. Həmin məntəqələrdə 11 min nəfərə qədər əhali yaşayır. Artıq alternativ yolun çəkilişinə başlanılıb", - deyə bildirilib.
Onu da qeyd edək ki, Quba-Qonaqkənd yolunun 42-ci kilometrliyindən əlavə, təxminən 2 kilometr aralıda daha bir ərazidə sürüşmə aktivləşib. Kəndlərdə elektrik və rabitə təminatı bərpa edilib. Hazırda yalnız qaz təchizatı və nəqliyyat əlaqəsində problem qalmaqdadır.
Daha ətraflı "Xəzər TV"nin süjetində:
Milli.Az