Türkiyə Peşəkar Futbol İntizam Komitəsi (PFDK) Superliqanın aparıcı klubları - "Qalatasaray", "Fənərbağça" və "Trabzonspor"la bağlı sərt qərarlar qəbul edərək, onlara müxtəlif qayda pozuntularına görə intizam cəzaları kəsib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Qalatasaray" klubu "Trabzonspor"la səfərdə baş tutan qarşılaşmada azarkeşlərin qeyri-etik şüarlarına görə 1 milyon 240 min lirə (47.2 min manat) məbləğində cərimələnib.
Bununla yanaşı, qonaq komanda tribunasında yer alan bəzi tərəfdarların bilet kartlarına da blok qoyulub.
"Trabzonspor" isə eyni qarşılaşmada meydandakı insidentlər, anons sistemi ilə bağlı qayda pozuntusu və təhqiramiz şüarlar kimi bir neçə fərqli səbəbə görə yüz minlərlə lirəlik cərimələrlə üzləşib. Bununla yanaşı, klubun futbolçusu Boran Başkana da ayrıca olaraq 120 min lirə (4 600 manat) məbləğində pul cəriməsi tətbiq edilib.
"Fənərbağça" komandası "Beşiktaş"la gərgin keçən derbi matçında baş verən meydan insidentləri səbəbindən 220 min lirə (8 400 manat) məbləğində cəriməyə məruz qalıb.
Eyni zamanda, müəyyən tribunalardakı azarkeşlərin elektron biletlərinin istifadəsi də məhdudlaşdırılıb.
"Beşiktaş" klubu "Fənərbağça" derbisinin ardınca səsləndirilən bəyanatlara görə 2 milyon 700 min lirəlik (103 min manat) ağır pul cəzası alıb. Klub əlavə olaraq aşağıdakı sanksiyalarla üzləşib:
- Qeyri-etik şüarların səsləndirilməsinə görə 1.24 milyon lirə (47.2 min manat), meydanda baş verən insidentlərə görə 220 min lirə (8 400 manat) cərimə ödəyəcək.
- Klub rəhbəri Serdal Adalıya 21 günlük hüquqlardan məhrumetmə və 2.8 milyon lirə (106.7 min manat) məbləğində pul cəzası kəsilib.
- Futbolçulardan Çerni 500 min lirə (19 min manat), Aqbadu isə 1 milyon lirə (38 min manat) məbləğində cərimə ediliblər.
Milli.Az