Şəhər küçələrində bəzi sürücülərin avtomobili yüksək səslə musiqi qoşaraq idarə etməsi sakinlərin narazılığına səbəb olan hallardan birinə çevrilib. Bu cür davranış yalnız səs-küy yaratmaqla kifayətlənmir, eyni zamanda sürücünün diqqətini yayındıraraq yol hərəkəti təhlükəsizliyinə də risk yaradır. Xüsusilə sıx yaşayış məntəqələrində və gecə saatlarında problem daha qabarıq şəkildə hiss olunur və ictimai narahatlıq doğurur.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Aysel Süleymanova demokrat.az-a açıqlamasında bildirib ki, bu kimi hallar ilk növbədə ictimai asayişin pozulması kimi qiymətləndirilir:
"Xüsusilə gecə saatlarında (23:00-dan 07:00-dək) yaşayış zonalarında səs-küy yaratmaq qanunvericiliklə qadağandır. Bu halda İnzibati Xətalar Məcəlləsinə əsasən sürücünü təxminən 100 manata qədər cərimə gözləyə bilər. Əgər bu hal təkrar baş verərsə və ya şikayətlər davamlı olarsa, cərimə daha da artırıla bilər.
Digər tərəfdən, yüksək səslə musiqi sürücünün diqqətini yayındıraraq yol hərəkəti təhlükəsizliyinə də təsir edə bilər. Bu zaman artıq məsələ Yol Hərəkəti Qaydalarının pozuntusu kimi qiymətləndirilir və sürücüyə əlavə olaraq cərimə və cərimə balları tətbiq oluna bilər. Qanunvericiliyə görə, vətəndaşlar belə hallarla qarşılaşdıqda polisə müraciət edə bilərlər. Fakt təsdiqlənərsə, sürücü məsuliyyətə cəlb olunur. Bəzi hallarda ilk dəfə üçün xəbərdarlıq edilə bilər, lakin kobud və ya təkrarlanan pozuntularda cərimə qaçılmaz olur. Sürücülər anlamalıdır ki, ictimai məkanda davranış azadlığı başqalarının rahatlıq və təhlükəsizlik hüququ ilə məhdudlaşır".
Qeyd edək ki, ötən günlərdə şair Nazilə Səfərli sosial şəbəkədə paylaşdığı görüntülərlə şəhərdə yüksək səslə musiqi dinləyərək avtomobil idarə edən sürücünü tənqid edib. Paylaşım qısa zamanda geniş müzakirələrə səbəb olub və paytaxtda səs-küy yaradan sürücülərin davranışı yenidən ictimai diqqət mərkəzinə düşüb.
Milli.Az