Bu axşam 3000 şamın işığında canlı simfonik musiqi və səs ilə işıq dünyasına dərin bir səyahət təqdim olunacaq.
Azərbaycanın Əməkdar artisti, skripkaçı-virtuoz Elvin Xoca Qəniyev və İstanbul Filarmonik Orkestri xüsusi musiqi hadisəsi - "Sibelius & Şehrazad" adlı şam işığında simfonik qala-konsert təqdim edəcəklər.
14 aprel tarixində Atatürk Mədəniyyət Mərkəzində tamaşaçıları unikal atmosfer gözləyir. Proqramda dünya klassiklərinin əsərləri səsləndiriləcək. Dirijor pultunda isə maestro Orçun Orçunsel olacaq.
Axşamın proqramına daxildir: Yan Sibeliusun re minor skripka konserti Op.47 və Nikolay Rimski-Korsakovun "Şəhrizad" simfonik süitası Op.35.
Konsertin birinci hissəsində Sibeliusun skripka şah əsərinin dərinliyi və dramatizmi açılacaq, ikinci hissədə isə Rimski-Korsakovun musiqisi dinləyiciləri "Min bir gecə" nağıllarının sehrli aləminə aparacaq.
Təşkilatçılar vurğulayır ki, şam işığında format sadəcə vizual effekt deyil - bu, orkestri fərqli şəkildə eşitmək, səsi daha təsirli və dərin hiss etmək imkanı yaradır. Bu, sadəcə konsert deyil - musiqinin işığa, işığın isə səsə çevrildiyi duyğusal audio vizual səyahətdir. Musiqi, işıq və məkan vahid bir təcrübədə birləşəcək - nadir hallarda baş verən, təkcə dinlənilmək deyil, həm də yaşanmaq istənilən bir hekayə.
Milli.Az