Dirijor Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konsert proqramı Azərbaycan bəstəkarlarının zəngin və rəngarəng yaradıcılığını əks etdirən əsərlərlə yadda qaldı.
Konsert proqramı görkəmli bəstəkar Qara Qarayevin "Sonatina" əsəri ilə açıldı. Simli kvartet üçün Fərəc Qarayev tərəfindən işlənmiş bu əsər öz incə musiqi dili və klassik formaya müasir yanaşması ilə dinləyicilərin diqqətini cəlb etdi.
Daha sonra Elnarə Dadaşovanın piano və orkestr üçün "Prelüd" əsəri ifa olundu. Əsərin solisti, pianoçu Rəfiqə Quluzadə yüksək peşəkarlıq nümayiş etdirərək dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı.Solist bis olaraq Qara Qarayevin A-dur prelüdünü dinləyicilərə təqdim etdi.
Konsertdə Məmmədağa Umudovun "Rəqs-fantaziya" əsəri də səsləndi. Ritmik və emosional zənginliyi ilə seçilən bu əsər proqramın dinamik xəttini daha da gücləndirdi.
Konsert proqramının növbəti hissəsində Cavanşir Quliyevin simli orkestr üçün 4 nömrəli "Dastan" simfoniyası səsləndirildi. Əsərdə solist kimi çıxış edən violin ifaçısı Surə Rüfət öz parlaq ifası ilə xüsusi diqqət qazandı.
Gecənin finalında Firəngiz Əlizadənin "Rəqs" əsəri səsləndirildi. Müasir musiqi üslubunu milli elementlərlə ustalıqla birləşdirən bu kompozisiya konsertin möhtəşəm yekunu oldu.
Beləliklə, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin təqdim etdiyi bu konsert milli musiqi irsinin müasir interpretasiyası baxımından əlamətdar bir sənət hadisəsi kimi yadda qaldı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az