ASCO-nun bərə gəmiləri ilə daşımalarında mart ayı üzrə artım qeydə alınıb - FOTO

10 Aprel 2026 10:38

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) bərə gəmiləri vasitəsilə 2026-cı ilin mart ayında həyata keçirilən yükdaşımaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Milli.Az xəbər verir ki, Hesabat dövründə artım həm vaqon, həm də TIR daşımalarında müşahidə olunub.

Belə ki, 2025-ci ilin mart ayında bərə gəmiləri ilə 2 811 ədəd vaqon daşındığı halda, 2026-cı ilin eyni ayında bu göstərici 3 438 ədədə yüksəlib. Artım 627 ədəd və ya 22,3 faiz təşkil edib.

TIR və avtotexnika daşımalarında da müsbət dinamika qeydə alınıb. Ötən ilin mart ayında 2 478 ədəd TIR və avtotexnika daşındığı halda, cari ilin müvafiq dövründə bu rəqəm 2 516-ya çatıb. Artım 38 ədəd və ya 1,53 faiz olub.

Daşımaların həcmi tonnaj ifadəsində də artıb. Belə ki, 2025-ci ilin mart ayında vaqon daşımalarının həcmi 175 697 ton təşkil edirdisə, 2026-cı ilin mart ayında bu göstərici 212 025 tona yüksəlib. Artım 36 328 ton və ya 20,7 faiz təşkil edib.

Eyni zamanda, TIR və avtotexnikanın həcmi də artaraq 64 656 tondan 67 554 tona çatıb ki, bu da 2 898 ton və ya 4,48 faiz artım deməkdir.

Milli.Az