Bakıda fəaliyyət göstərən bəzi restoranlarda ümumi xidmət haqqından əlavə olaraq, 10 faiz servis haqqı tutulur. Bu, bəzən müştərilərə öncədən bildirilsə də, bəzən son anda xidmət haqqını ödəyərkən xəbərdar olurlar.
Müştərilərə əvvəlcədən xəbərdarlıq edilmədən ümumi hesaba 10-15 faiz servis haqqı əlavə olunur. Müştərinin son anda məlumatlandırılması isə istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Artıq bəzi ölkələrdə qanunla "servis haqqı" ləğv edilib. Ölkəmizdə isə "servis haqqı" alan restoranların sayı getdikcə artır.
Bəs, bu, qanunla məcburidirmi? Hansı hallarda müştəri "servis haqqı" ödəməkdən imtina edə bilər?
Milli.Az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda qanunvericiliyə görə, müştəri əlavə "servis haqqı"nı ödəməyə məcbur edilə bilməz:
"Qanuni olmasa da, bəzi restoranların daxili qaydaları əsasında tənzimlənir. Lakin daxili nizam əsasında tənzimlənsə belə, bu, məcburi də olmamalıdır. Qayda belə olmalıdır ki, servis haqqı könüllü şəkildə ödənilsin. Çünki onsuz da müştərilər çox zaman nəzakət anlamında əlavə olaraq servis haqqı ödəyir. Bir də bunu məcburi etmək doğru deyil. Lakin yenə qeyd edirəm, bu, restoranların daxili qaydaları əsasında müəyyənləşdirilir".
Milli.Az