Ermənistanın Baş naziri Nikol Paşinyanla baş verən insidentdə iştirak edən 18 yaşlı David Minasyanın səhhətində ciddi problemlər yaranıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gəncin vəkili Lusine Martirosyan onun tibbi müayinədən keçdiyini bildirib.
Vəkilin sözlərinə görə, aparılan yoxlamalar nəticəsində Minasyana "qapalı kəllə-beyin travması və beyin silkələnməsi" diaqnozu qoyulub. Martirosyan vurğulayıb ki, hadisə günü müvəkkili kilsədə sadəcə liturgiyada iştirak edib və hər hansı cinayətkar məqsədi olmayıb.
Xatırladaq ki, hadisə martın 29-da İrəvandakı Müqəddəs Anna kilsəsində baş verib. Nikol Paşinyan ayindən sonra kilsəni tərk edərkən David Minasyan ona tərəf irəliləyərək "mənə elə baxma" deyib və Baş nazirə zərbə endirməyə cəhd edib. Hadisə ilə bağlı ümumilikdə üç nəfər - David Minasyan, onun əkiz qardaşı Mikael Minasyan və Gevorq Gevorqyan saxlanılıb.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb. Bildirilir ki, David Minasyan "xuliqanlıq və vəzifəli şəxsin siyasi fəaliyyətinə müdaxilə" maddələri ilə birbaşa icraçı kimi, digər iki şəxs isə köməkçilik və təşkilatçılıq ittihamları ilə məsuliyyətə cəlb olunublar. Məhkəmənin qərarı ilə D. Minasyan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib, digər təqsirləndirilən şəxslər isə ev dustaqlığına buraxılıb.
Milli.Az