Tozsoranı yanlış istifadə edirmişik: Cihazın ömrünü uzadan 3 qızıl qayda

9 Aprel 2026 19:16

Tozsoran istifadə edərkən yol verdiyimiz kiçik və sadə görünən səhvlər əslində cihazın effektivliyini itirməsinə, hətta tozu təmizləmək yerinə havaya yaymasına səbəb olur. 

Milli.Az xəbər verir ki, tozsoranın həm ömrünü uzatmaq, həm də evdə ideal təmizliyə nail olmaq üçün mütəxəssislər bəzi vacib məqamları açıqlayıblar.

Sürətli hərəkət tozu yox etmir, havaya qaldırır
Ev təmizliyi zamanı ən çox edilən səhv tozsoranın başlığını sürətlə irəli-geri hərəkət etdirməkdir. Bu zaman cihaz tozu lazımi səviyyədə vakuumla çəkə bilmir. Nəticədə tozun böyük hissəsi havaya qalxaraq yenidən əşyaların üzərinə qonur. Tozsoranı yavaş və ritmik hərəkətlərlə idarə etmək təmizliyin keyfiyyətini ikiqat artırır.

 Filtrlərin (süzgəclərin) təmizliyi unudulur
Tozsoranın çəkim gücünü zəiflədən əsas səbəb filtrlərin çirklənməsidir. Çox vaxt insanlar yalnız toz torbasını boşaltmaqla kifayətlənirlər. Lakin filtr təmizlənmədikdə cihazın mühərriki daha çox gücə düşür, qızır və zamanla sıradan çıxır. Tozsoranın ömrünü uzatmaq üçün hər bir neçə təmizlikdən sonra filtrləri yumaq və ya dəyişmək mütləqdir.

Elektrik kabelini sonuna qədər çıxarın
Tozsoranın mühərrikinə (motoruna) ziyan vuran ən gizli vərdişlərdən biri elektrik şnurunun yarıya qədər çölə çıxarılmasıdır. Şnurun daxildə yığılıb qalması cihazın işlədiyi zaman həddindən artıq qızmasına və mühərrikdə nasazlığa səbəb olur. Şnuru mütləq üzərindəki sarı lentə qədər çölə çıxarmaq lazımdır. Qırmızı lent isə son həddir və ondan sonra şnuru dartmaq olmaz.

Tozsoran istifadə edərkən otağın pəncərəsini açıq saxlamaq havaya yayıla biləcək ən xırda hissəciklərin də kənarlaşdırılmasına kömək edir.

Səkinə Yusifova
Milli.Az