Maşın yağları BAHALAŞDI

9 Aprel 2026 15:41

Hörmüz boğazındakı gərginlik avtomobil yağları bazarına da təsirsiz ötüşmür. Xüsusən də Avropadan gələn bəzi yağ markalarında qiymət artımı qeydə alınıb.

Satıçılar bildirirlər ki, əvvəllər 100 manata satılan bəzi məhsullar indi 120-125 manata təklif olunur. Bu artım bütün yağlara aid edilməsə də, ayrı-ayrı markalar üzrə bahalaşmanın başladığı qeyd olunur

Bazarın bütün seqmentlərində isə eyni mənzərə yoxdur. Bəzi servis və satış nöqtələrində qiymətlər hələ dəyişməyib. Bunun əsas səbəbi mövcud ehtiyatların əvvəlki qiymətlərlə alınmasıdır.

Ancaq bəzi məhsulların tükənməsi yaxın dövrdə artımın daha geniş hiss olunacağı ehtimalını gücləndirir.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Azərbaycanda avtomobil yağlarının bahalaşmasının əsas səbəbinin dünya bazarında neft və enerji qiymətlərinin artması olduğunu bildirib.

"Avtomobil yağı neft məhsulu olduğu üçün xammal bahalaşanda onun qiyməti də yüksəlir. Bununla yanaşı, ölkəyə idxal olunan yağlar, xüsusilə Avropadan gətirilən məhsullar artıq daha baha qiymətə gəlir və yeni partiyalar bazara yüksək qiymətlə daxil olur.

Digər səbəb daşınma və logistika xərclərinin artmasıdır. Beynəlxalq marşrutlarda risklər və gecikmələr nəqliyyat xərclərini yüksəldir, bu da məhsulun son qiymətinə təsir edir. Eyni zamanda ümumi inflyasiya və istehsal xərclərinin artması da qiymətlərin yüksəlməsinə səbəb olur.

Bəzi yerlərdə qiymət artımı hələ tam hiss olunmaya bilər, çünki hələ əvvəlki ucuz mallar satılır. Amma bu ehtiyatlar bitdikcə bazarda qiymətlər ümumi şəkildə yüksəlir. Ona görə də digər məhsullar kimi avtomobil yağları yaxın günlərdə bir qədər də bahalaşacaq".

Milli.Az