ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatların əhatə dairəsi təkcə Yaxın Şərqlə məhdudlaşmır. Yeni geostrateji analizlər göstərir ki, London Avropadan Asiyaya qədər uzanan yeni cəbhə xətləri və "qırılma nöqtələri" üzərində gizli planlar qurur.
Milli.Az xəbər verir ki, ekspertlər baş verən prosesləri 2010-cu illərdə təməli qoyulan "Böyük Avrasiya" layihəsinin bir parçası hesab edirlər. Üç mərhələdən ibarət olan bu planın gedişatı dünya nizamını kökündən dəyişə bilər.
Analitiklərə görə, planın ilk addımı 2022-ci ilin fevralında Rusiyanın Ukrayna müharibəsinə cəlb edilməsi ilə atıldı. Moskva bu münaqişə ilə "tələyə salındıqdan" sonra sıra ikinci mərhələyə - Qəzza müharibəsinə gəldi. Qəzzada başlayan alovun əsl hədəfi Tehran idi. Strategiya belə qurulmuşdu:
• HƏMAS-ın Qəzzadan çıxarılması;
• Livan (Hizbullah) və Suriyadakı "Müqavimət Oxu"nun sındırılması;
• Nəticədə Tehranın müdafiəsiz qoyularaq hədəfə alınması.
Hazırda Hizbullahın zəiflədilməsi ilə bu oxun onurğa sütununun qırıldığı bildirilir.
Bu nəhəng planda İngiltərənin rolu xüsusi qeyd olunur. İddialara görə, London Rusiyanın daxilində - Çeçenistan, Dağıstan və İnquşetiyada ikinci cəbhə açmağa hazırlaşır. Bu, həm də Qafqaz vasitəsilə Rusiyanı cənubdan tamamilə iflic etmək məqsədi daşıyır. Planın sonrakı hədəfləri isə Şimali Koreya və Çindir. Əsas strateji hazırlıqların məhz Çin sərhədlərində intensivləşdiyi vurğulanır.
Analizlərdə maraqlı bir detal da yer alır: 2024-cü il Qəzza müharibəsi həm də İranın raket potensialını sınaqdan keçirmək üçün bir "test" idi. Lakin İsrail kəşfiyyat orqanlarının - Aman, Mossad və Şin Betin İranın hərbi resurslarını yetəri qədər qiymətləndirməməsi ABŞ-İsrail koalisiyasını çətin vəziyyətə salıb. İranın gözləniləndən daha böyük raket ehtiyatına sahib olması hərbi hesablamaları alt-üst edib.
İranın öz hərbi gücünün müəyyən hissəsini itirməsi regionda "güc boşluğu" yaradır. Bu qeyri-sabitliyin ilk olaraq Pakistan və Çinlə həmsərhəd olan coğrafiyalarda özünü büruzə verəcəyi proqnozlaşdırılır. Beləliklə, Qafqazdan başlayan gərginlik dalğasının bütün Avrasiyanı bürüyə biləcəyi ehtimalı "3-cü dünya müharibəsi" xəbərdarlıqlarını yenidən gündəmə gətirir.
Səkinə Yusifova
Milli.Az