Yazın gəlişi ilə birlikdə təbiətin bəxş etdiyi faydalı bitkilər piştaxtalarda öz yerini alıb. Qulançardan tutmuş cincilimə qədər bir çox göyərtilər insanların maraq dairəsindədir.
Bəs bu göyərtilərin qiyməti necədir?
Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə, asan tapılan və yığılması rahat olan məhsullar daha ucuz qiymətə satılır:
"Qulançarın dəstəsi 3-4 manat, giciktən 0.20 manat, cincilimin dəstəsi 1 manat, sündürük kilosu 7 manat, rukkola kilosu 10 manat, şomunun kilosu isə 3 manata təklif olunur. Bu bitkilər dərman kimi istifadə olunmaqla yanaşı, qutab, qazan yeməkləri və turşularda da istifadə olunur".
Bu göyərtilərin toplanması ilə məşğul olan şəxslərin sözlərin görə, bu bitkilərin yığılması onlara çətin hava şəraitində və saatlarla başa gəlir:
"Hər bitki bir yerdə olur. Onları çətinliklə yığırıq, təmizləyirik. Bu il hava da yağıntılı keçdi. İşimiz göründüyü qədər asan deyil".
Qeyd edək ki, may ayının sonundan qiymətlərin ucuzlaşması gözlənilir.
Aysel Əkbər
Milli.Az