Atəşkəs İsrailə niyə sonda bildirilib?

8 Aprel 2026 11:25

İsrail mətbuatının məlumatına görə, yüksək vəzifəli israilli rəsmi ABŞ Prezidenti Donald Trampın İranla əldə olunan müvəqqəti atəşkəs qərarı barədə son anda məlumat aldıqlarını bildirib. Rəsmi bu qərarın onlar üçün gözlənilməz olduğunu qeyd edib.

Milli.Az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-a danışan mənbə, ABŞ ilə İran arasında iki həftəlik atəşkəs razılaşmasının sürpriz olduğunu vurğulayaraq, "Hər şey artıq yekunlaşmış kimi görünürdü, lakin son anda yeni məlumat aldıq" deyə bildirib. Bununla yanaşı, İsrailin razılaşmaya sadiq qalacağı ifadə olunub.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tam açılması şərti ilə İranla qarşılıqlı iki həftəlik atəşkəsi qəbul etdiklərini açıqlayıb. İran tərəfi isə danışıqların 15 günlük atəşkəs müddətində yekunlaşdırılmasını planlaşdırır. İsrail Baş naziri Benyamin Netanyahu atəşkəsi dəstəklədiklərini, lakin bunun Livanı əhatə etmədiyini bildirib.

Səkinə Yusifova
Milli.Az