Nabucco boru kəmərinin Macarıstandan keçən hissəsi üçün sonuncu ekoloji icazə verildi
14 Avqust 2012 18:06
Milli.Az xəbər verir ki, Nabucco boru kəmərinin Macarıstandan keçən 384 km uzunluğunda hissəsi üçün tələb olunan sonuncu ekoloji icazə bu yaxınlarda alınıb. Macarıstan hazırda Nabuссo layihəsi üzrə icazə prosesini uğurla başa çatdırmış ilk ölkədir.
Nabucco Gas Pipeline İnternational GmbH şirkətinin icraçı direktoru Reinhard Mitschek qeyd edib: "İcazənin verilməsi Macarıstan üçün irəli atılmış mühüm addımdır və Nabuссo Qərb layihəsinin inkişafında vacib mərhələni ifadə edir. Hökümətlərarası saziş əsasında Macarıstan dövlət orqanları ilə aparılmış əməkdaşlıq bir örnəyə çevrilib. Biz milli və beynəlxalq qaydalara uyğun olaraq ən mükəmməl təcrübələri əsas götürməyi qarşımıza məqsəd qoymuşuq".
Macarıstanda Nabuссo Milli Şirkətinin icraçı direktoru Gabor Bercsi qeyd edib: "Macarıstan üçün növbəti addım Nabuссo Qərb layihəsi üçün ilkin layihələndirmə işlərinin həyata keçirilməsindən və inşaat üçün zəruri icazələrin alınması prosesinin davam etdirilməsindən ibarətdir. Layihənin irəli doğru inkişaf etməsilə biz Macarıstan dövlət orqanları ilə fasiləsiz əməkdaşlığı davam etdirməyə ümid edirik".
Ekoloji icazənin alınması iki pilləli prosesdən ibarətdir və bu posesə Nabucco tərəfindən 2010-cu ilin birinci rübündə ətraf mühitə təsirin ilkin qiymətləndirilməsinə (PEİA) dair sənədlərin Ətraf mühitin qorunması, təbiətin mühafizəsi və su məsələləri (İENW) üzrə dörd müfəttişliyə təqdim edilməsi ilə başlanıb. Bütün dörd İENW müfəttişliyindən müsbət rəy alındıqdan sonra 2010-cu ilin sentyabr ayında ətraf mühitə təsirin qiymətləndirilməsinə (EİA) dair müfəssəl tədqiqat nəticələrinin eyni orqanlara təqdim edilməsi ilə prosesin ikinci mərhələsinə start verilib.
Əldə edilmiş ekoloji icazələr:
Middle Danube Valley IENW (Orta Dunay Vadisi İENW) müfəttişliyi 17 may 2011-ci il tarixli KTVF: 16053-4/2011 saylı qərarı ilə NABUCCO Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi üçün ekoloji icazə vermişdir.
North Trans-Danubian IENW (Şimali Trans-Dunay İENW) müfəttişliyi 23 iyun 2011-ci il tarixli 186-63/2011 saylı qərarı ilə NABUCCO Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi üçün ekoloji icazə vermişdir.
Lower Tisza Regional IENW (Aşağı Tisa Regional İENW) müfəttişliyi 5 sentyabr 2011-ci il tarixli 51358-5-124/2011 saylı qərarı ilə, Tass bələdiyyəsindən dövlət sərhəddinə qədər olan hissə nəzərə alınmaqla NABUCCO Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi üçün ekoloji icazə vermişdir.
Middle Trans-Danubian IENW (Orta Trans-Dunay İENW) müfəttişliyi 15 iyun 2011-ci il tarixli 53441/2012 saylı qərarı ilə, səlahiyyətinə aid ərazidən keçən hissəni nəzərə almaqla NABUCCO Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi üçün ekoloji icazə vermişdir.
Qərar müfəttişliyin rəsmi elanlar lövhəsində və internet saytında, həmçinin Mərkəzi (Milli) Məlumat Sistemində dərc edilmişdir. (http://kdtktvf.zoldhatosag.hu)
Nabucco boru kəməri Türkiyə-Bolqarıstan sərhəddi yaxınlığından başlayıb, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyanın ərazilərindən keçməklə Baumgarten qəsəbəsi yaxınlığında Mərkəzi Avropa Qaz Qovşağına qədər davam edəcək. Kəmərin Macarıstandan keçən hissəsi 384 km təşkil edir.
Milli.Az